Lənkəran teatrında klassikaya daha bir baxış

Klassika hər zaman dəbdədir, deyirlər. Klassik dramaturgiya nümunələri də hər zaman aktualdır. Lənkəran Dövlət Dram Teatrının 128-ci mövsümdə repertuarının ən baxılan səhnə əsərlərindən biri görkəmli yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi” komediyasıdır.

Əsəri oxuyanlar onun nədən bəhs etdiyini bilirlər. Bir çox sənətsevərlər yəqin komediyanın müxtəlif teatrlarda quruluşunu, eləcə də televiziya tamaşasını izləyiblər. Lənkəran səhnəsindəki “Danabaş kəndinin məktəbi” klassikaya daha bir baxış olmaqla yanaşı, günümüzdə də aktual olan problemi diqqətə çatdırır.  Tamaşanın konflikti ana dili mövzusu ilə bağlıdır.

...Danabaş kəndinə gəlmiş çar məmurları kənddə məktəb açmaq istədiklərini sakinlərə başa salmağa çalışırlar. İlk olaraq sözə qazı başlayır: “Əlhəmdi lillahil-əhədil-vahidil-mütəqəddəsi min külli ziddin və niddin…” Axıra qədər nitqini bu şəkildə davam etdirən qazının danışığından heç bir şey başa düşməyən kəndlilər tez-tez “Amin” deyirlər.

Sonra naçalnik danışır. Camaat onun da sözlərindən heç nə başa düşmür. Kəndlilər dilmancın və Molla Mövlamverdinin nitqindən də bir şey anlamırlar.

Bunların ardınca inspektor danışır. Kəndlilər onun dediklərini də lal-dinməz dinləyirlər. İnspektorun nə danışdığını başa düşməsələr də, əsl mərəkə onun nitqindən sonra başlayır. İnspektor deyəndə ki, kənd uşaqları bu məktəbdə təhsil almaqla hər bir inzibatçının, hər bir soldatın dilini başa düşəcəklər, camaat “soldat” sözünü eşidən kimi vahiməyə düşür. Hamı belə düşünür ki, kənd uşaqlarını soldat (əsgərliyə) aparmaq üçün siyahıya almağa gəliblər. Ona görə də kəndlilər öz uşaqlarını camaatın arasından çıxarıb gizləməyə, çar məmurlarını aldatmağa, rüşvət yolu ilə uşaqların canını siyahıdan qurtarmağa çalışırlar. Hamı təşviş içindədir.

Tamaşanın quruluşçu rejissoru və rəssamı Əməkdar incəsənət xadimi Oruc Qurbanov, musiqi tərtibatçısı İzzət Qurbanovdur.

Rolları ifa edirlər: Xalq artisti Qabil Quliyev (Naçalnik), Əməkdar artist Sucəddin Mirzəyev (Pristav), Əməkdar artist Niftulla Əsgərov (Molla), Allahverən Babayev (Qazı), Əlibala Əsgərov (Məşədi Ağakişi), Şahrud Mehdiyeva (Şaban nənə), Miraslan Ağayev (Hümmətəli), Səyad Əliyev (Müəllim), Hikmət Cəfərov (Kərbəlayı Mirzalı), Emin Fərzullayev (1-ci şagird), Rauf Zeynalov (2-ci şagird), Nizami Qurbanov (Yüzbaşı), Şəbnəm Hüseynova, Ülkər Quliyeva və Məleykə Cəfərova (şagirdlər).