Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi tərəfindən “Qəhrəman kənd - Əlibəyli” sənədli filmi çəkilib. Film Ermənistan ilə sərhəddə yerləşən, 1990-cı illərdə düşmən qüvvələrinin silahlı basqınlarına mərdliklə sinə gərən Tovuz rayonunun Əlibəyli kəndi haqqındadır.
   Filmin mərkəzində Əlibəyli kəndində yaşayan insanların göstərdikləri qəhrəmanlıq və fədakarlıq dayanır. Ekran əsərində o dövrün canlı şahidləri, əfsanəvi birinci batalyonun döyüşçüləri döyüş yollarından, ürəklərindəki Vətən sevgisindən, torpağa, elə-obaya olan məhəbbətlərindən danışırlar.
   Filmin layihə rəhbəri hərbi-vətənpərvərlik mahnılarının sevilən ifaçısı, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı, ssenari müəllifi Ehtiram İlham, rejissoru İlham Tumasdır.