“İslam aləmi ilə Qərb dünyasının bir-birini daha yaxşı anlamasına yönəlmiş siyasətimizi davam etdirəcəyik”
Azərbaycan mədəniyyətlərarası dialoq siyasətini hərtərəfli dəstəkləyir və həyata keçirir. Ölkəmizin siyasəti tolerantlığa, müxtəlif milli və dini icmaların mədəni dəyərlərini anlamağa və onlara hörmət bəsləməyə yönəlib.
Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev bu sözləri Mərakeşin paytaxtı Rabatda İSESCO-nun Baş Konfransının 13-cü sessiyası zamanı Rusiyanın TASS informasiya agentliyinə eksklüziv müsahibəsində bildirib. Xatırladaq ki, Azərbaycan 2015-ci ilin noyabrından etibarən İslam ölkələrinin təhsil, elm, mədəniyyət təşkilatı – İSESCO-nun Baş Konfransına sədrlik edir və cari ildə ölkəmizin sədrliyi başa çatır.
Nazir müsahibədə qeyd edib ki, Azərbaycan beynəlxalq təşkilatlarla, o cümlədən İSESCO ilə əməkdaşlığa çox ciddi yanaşır və bu təşkilatın fəal iştirakçısıdır. Biz çoxlu konfranslar, dəyirmi masalar keçirir, təhsil proqramlarını reallaşdırırıq. İSESCO Baş Konfransının bundan əvvəlki, 12-ci sessiyası 2015-ci ildə Bakıda keçirilib. Bugünkü hesabat məruzəsində və nümayəndələrin çıxışlarında qeyd edildiyi kimi, həmin sessiya uğurlu olub.
Ə.Qarayev deyib: “Bu gün Azərbaycan İSESCO-nun Baş Konfransının sədri səlahiyyətlərini təhvil verir, lakin fəal əməkdaşlığımız, əlbəttə, davam edəcək. Biz istəyirik ki, səsimiz eşidilsin, uğurlarımız hamıya məlum olsun. Təbii ki, biz sivilizasiyaların dialoqunun, mədəniyyətlərin dialoqunun inkişafına, ümumbəşəri dəyərlər naminə İslam aləmi ilə Qərb dünyasının bir-birini daha yaxşı anlamasına yönəlmiş siyasətimizi davam etdirəcəyik”.
Nazirin sözlərinə görə, son üç ildə İSESCO-nun Baş Konfransına rəhbərlik edən Azərbaycan bir sıra iri tədbirlər keçirib: “Məsələn, 2017-ci ildə Bakıda çoxsaylı iştirakçıları olan IV İslam Həmrəyliyi Oyunları keçirilib. Mənim fikrimcə, bu Oyunlar çox uğurlu olub”.
Ə.Qarayev müsahibəsində diqqətə çatdırıb ki, Azərbaycan mədəniyyətlərarası dialoq siyasətini hərtərəfli dəstəkləyir və həyata keçirir: “Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci ildə mədəniyyətlərarası dialoq çərçivəsində Qərb və Şərq dünyası arasında əlaqələrin həyata keçirilməsi təşəbbüsünü irəli sürüb. Biz mədəniyyətin müxtəlif sahələrini təmsil edən təşkilatları mədəniyyətlərarası dialoq üzrə Ümumdünya Forumunun həmtəsisçiləri kimi birləşdirməyə nail olduq. Tədbirin tərəfdaşları qismində İSESCO, Avropa Şurası, UNESCO, BMT Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı çıxış edirdi. Keçən ildən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı da tərəfdaşlara qoşulub. Bu o deməkdir ki, Azərbaycanın tolerantlığa, müxtəlif milli və dini icmaların mədəni dəyərlərini anlamağa və onlara hörmət bəsləməyə yönəlmiş siyasəti sülh işinə və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir”.
Nazir xatırladıb ki, 2009-cu ildə İSESCO-nun qərarı ilə Bakı “İslam mədəniyyətinin paytaxtı” elan edildi. 2018-ci ildə isə bu ada Azərbaycanın Naxçıvan şəhəri layiq görüldü: “Bu, bizim üçün böyük hadisədir və Azərbaycan mədəniyyətinin səviyyəsini, onun müxtəlifliyini bütün dünyaya göstərmək imkanı verir.
İslam aləminin və Avropanın mədəni paytaxtları arasında mədəni dialoq təşəbbüsünü məhz Azərbaycan irəli sürüb. Bu, ölkələr arasında dostluq körpüləri qurmağa şərait yaradıb. Düşünürəm ki, bu, ən düzgün yoldur – mədəniyyət birləşdirməli və qovuşdurmalıdır”.
Nazir Azərbaycan mədəniyyətini fəal təbliğ edən, mədəniyyətlərarası proseslərin və mübadilələrin hərəkətverici qüvvəsi olan Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rolunu xüsusi qeyd edib.
Ə.Qarayev vurğulayıb: “Azərbaycan əhalisinə tarixən xas olan dözümlülük və tolerantlıq keyfiyyətləri çoxəsrlik inkişaf dövrünü yaşayıb. Hazırda respublikada müsəlmanlar, yəhudi və xristian icmaları dinc yanaşı yaşayır, bir-birinə hörmət bəsləyir. Biz insanlar arasında ünsiyyət məkanı olan mədəniyyətlərarası dialoq forumları keçiririk. Buna görə də bu gün Azərbaycan ümumbəşəri dəyərlərin birləşdiricisi rolunu öz üzərinə götürə bilər”.
Nazir müsahibənin sonunda deyib: “Avropa ilə Asiyanın, Qərb və Şərq dünyasının qovuşuğunda yerləşən Azərbaycan özünün sülhyaratma, vasitəçilik və sivilizasiya imkanlarını təklif edən platforma ola bilər”.
* * *
Qeyd edək ki, İSESCO Baş Konfransının Rabatda keçirilən 13-cü sessiyasında Azərbaycanda konsertlərə, teatrlara, idman və əyləncə tədbirlərinə bilet satışını həyata keçirən iTicket.az saytının təqdimatı da olub.
2016-cı ildən fəaliyyətə başlayan iTicket.az IV İslam Həmrəyliyi Oyunları (2017), Formula 1 Azərbaycan Qran-pri yarışları (2017, 2018), digər idman yarışları və festivalların rəsmi tərəfdaşı və bilet satışı üzrə təchizatçısıdır. Bakı şəhərində 20-yə yaxın satış nöqtəsi var.
Sessiyada 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyində iştirakla bağlı Azərbaycan Respublikasının İSESCO-ya və İslam Dünyası Universitetlər Federasiyasına (FUIW) müraciəti dəstəklənib.
İSESCO Baş Konfransının 14-cü sessiyasının 2021-ci ildə Malayziyanın Kuala-Lumpur şəhərində keçirilməsi qərara alınıb.