Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində görkəmli muğam ifaçısı Əbdülbaqi Zülalova (Bülbülcan) həsr edilən “Bülbülcan” kitabının təqdimat mərasimi olub.
Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə iki ölkənin mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər. Xatırladaq ki, Gülhüseyn Kazımlı və Vasif Quliyev tərəfindən qələmə alınan, Azərbaycan və gürcü dillərində çap edilən kitabın təqdimatı bundan öncə Bakıda keçirilmişdi.
Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva Azərbaycan-Gürcüstan mədəni əlaqələrindən danışıb, bu cür tədbirlərin münasibətlərimizin daha da möhkəmlənməsində mühüm rol oynadığını diqqətə çatdırıb.
Kitabın həmmüəllifi, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı Azərbaycanda muğam sənətinə göstərilən dövlət qayğısından söz açıb. Ustad muğam ifaçısının fəaliyyətindən danışan müəllif qeyd edib ki, Azərbaycan muğam sənətinin formalaşması və inkişafında Əbdülbaqi Zülalovun – Bülbülcanın böyük xidmətləri olub.
1841-ci ildə Şuşada dünyaya göz açan Bülbülcan əvvəlcə Azərbaycanda, sonra isə Gürcüstanda – Tiflisdə xanəndə kimi şöhrət qazanıb, ömrünün 30 ilini bu şəhərdə yaşayıb. Əbdülbaqi Zülalova Bülbülcan ləqəbi də gözəl zəngulələrinə görə burada verilib.
Gürcüstan Teatr Sənəti Birliyinin sədri Georgi Geçekqori, kitabı gürcü dilinə tərcümə edən tədqiqatçı-jurnalist Mirzə Maşov, Gürcüstan Musiqi Alətləri Muzeyinin direktoru Rezo Kotrikadze və başqaları çıxış edərək Azərbaycan muğam sənətinin şöhrət tapmasında mahir ifaçının rolunu xüsusi qeyd ediblər.
Tədbirdə Bülbülcanın həyatı ilə bağlı maraqlı faktlar diqqətə çatdırılıb.
Bildirilib ki, knyaz Mixail Romanov (çar II Nikolayın qardaşı) 1904-cü ildə Tiflisə səfər edərkən “Edem” bağında onun şərəfinə ziyafət təşkil olunub. Ziyafətdə Bülbülcan o qədər gözəl oxuyub ki, knyaz öz barmağındakı brilyant üzüyü çıxararaq onun barmağına taxıb.
İran hökmdarı Müzəffərəddin şah 1900-cü ildə Avropaya səfər edərkən bir neçə gün Tiflisdə qonaq olub. Məclislərin birində şah Bülbülcanın ifasını o qədər bəyənib ki, onu “Şiri-Xurşid” ordeni ilə təltif edib.
Çıxışlardan sonra tədbir konsert proqramı ilə davam edib. Beynəlxalq Muğam Mərkəzinin musiqiçiləri xalq mahnılarımızı və muğamları ifa ediblər.