Oktyabrın 14-də Yuğ Dövlət Teatrında yapon yazıçısı Rünoske Akutaqavanın “Cəngəllikdə” novellası əsasında hazırlanmış “Müəmmalı bir qətlin üç versiyası” adlı tamaşanın premyerası keçirilib.
Tamaşaya teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə quruluş verib. Quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı Vüqar Camalzadə olan səhnə əsərində Əməkdar artist Gülzar Qurbanova (Qadın), aktyorlar Oktay Mehdiyev (Quldur), Əbdülqəni Əliyev (Ər), Vüqar Hacıyev (İttihamçı), Amid Qasımov (I Şahid), Elşən Əsgərov (II Şahid) çıxış edirlər. Tamaşanın janrı postmodern oyun kimi müəyyənləşdirilib.
Rejissor tamaşanın yozumu barədə belə deyir: “Mütləq həqiqət yoxdur. Heç yerdə həqiqət birmənalı deyil. Hadisəyə hər baxış bucağında bir həqiqət var. Kimsə əksini sübut edə bilmədiyi kimi, əslində, baş verənlərin tam sübutu da mümkün deyil. Hadisə var – müəmmalı bir qətl. İştirakçılar qiyabi və əyanidir. Həqiqət isə iştirakçıların sayı qədərdir.
Əsər detektiv təsiri bağışlasa da, daha çox fəlsəfi metaforik üsluba meyllidir. Cəngəllikdə bir ölüm, bir zorlanma hadisəsi baş verib. Əsas sual ortadadır. Kim kimi öldürüb? Bu suala 3 müxtəlif cavab - yanaşma var. Cavab - həqiqət isə yoxdur... Həqiqət nisbi anlayışdır. Baş verən hər hansı hadisədə iştirak edən tərəflər qədər həqiqət var...”.