Noyabrın 10-a Sankt Peterburqun Mariinsk Teatrı Bakıda, “YARAT” Müasir İncəsənət Mərkəzində çıxış edəcək.

Rusiya teatrı YARAT Müasir İncəsənət Məkanının layihəsi üzrə keçirilən MAP (Musiqi. İncəsənət. Performans) festivalı çərçivəsində “Kimsəsiz ada” tamaşası ilə teatrsevərlərin görüşünə gələcək. Yozef Haydnın “Kimsəsiz ada” operası 2018-ci ildə teatrda səhnəyə qoyulub.

Cənub dənizində, kimsəsiz bir adada iki bacı yaşayır – Konstansiya və Silviya. On üç il əvvəl, Silviya hələ körpə olanda, Konstansiyanın əri Cernandonun müşayiəti ilə onlar Qərbi Hindistana dəniz səfərinə çıxırlar. Amma tufan nəticəsində onlar kimsəsiz bir adada məskunlaşmağa məcbur olurlar. Bədbəxtlikdən, həmin vaxt bu adaya pirat gəmisi yan alır. Dəniz quldurları Cernandonu əsir götürür və özləri ilə aparırlar…

Y.Haydnın barokko üslublu operası teatrın nəzdindəki akademiyanın məzunlarının iştirakı ilə səhnələşdirilib. Rejissorluq gənc Aleksey Smirnova həvalə edilib. “Kimsəsiz ada” operasının dirijoru həmyerlimiz Cavad Tağızadədir. O, Mariinsk Teatrının dirijor pultunun arxasına keçərək bir neçə onilliklər sonra maestro Niyazinin ənənələrini davam etdirir.