Almaniyada əhalisinin sayı 1 milyondan çox olan cəmi 4 şəhər var – Berlin, Hamburq, Münxen və Köln.
Baden-Vürtemberq federal əyalətinin paytaxtı, təqribən 630 min sakini olan Ştutqart Almaniyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş şəhərlərindən biridir. Lakin “Mersedes”lərin istehsalçısı “Daimler AG”, eləcə də “Porsche”, “Bosch” kimi sənaye nəhənglərinin vətəni Ştutqart həm də Almaniyanın “ən mədəni” şəhəridir.
Ştutqart 2012, 2014 və 2016-cı illərdə Almaniyanın qeyri-rəsmi “mədəni paytaxtı” titulunu qazanıb. Bu liderliyi şəhərdəki teatrlar və kitabxanalar təmin edir. Dövlət teatrlarının ştatlı əməkdaşlarının sayına görə Ştutqart şəhəri dünya rekordçusudur. Büdcədən maliyyələşdirilən opera və dram teatrları, habelə balet truppasında 1350 nəfər daimi işçi var.
Berenberq Bank və Hamburqdakı Dünya İqtisadiyyatı İnstitutu hər il Almaniya şəhərlərinin mədəni reytinqini tərtib edir. Şəhərlərin mədəni həyatı iki mühüm meyar əsasında qiymətləndirilir: inkişaf etmiş mədəni infrastrukturun mövcudluğu və ondan fəal istifadə edilməsi. Bu, o deməkdir ki, şəhərdə muzeylərin, teatrların, kitabxanaların sayı və mədəni layihələr üçün ayrılan pul nə qədər çoxdursa, şəhər sakinləri konsertlərə və tamaşalara nə qədər tez-tez gedirsə, şəhərin reytinqdə yeri bir o qədər yüksək olur.
Baden-Vürtemberq federal əyalətinin paytaxtı artıq neçə ildir ki, mədəni reytinq siyahısına liderlik edir.