Nyu-Yorkda fəaliyyət göstərən “My Way” Uşaq və Yeniyetmələrin Yaradıcılığının İnkişafı Mərkəzi Azərbaycanın müstəqilliyinin 27-ci ildönümü münasibətilə tədbir keçirib.
Mərkəzin prezidenti Alyona Bədəlova bildirib ki, artıq beş ildir “Biz Azərbaycandanıq, Azərbaycanlayıq və Azərbaycan üçün çalışırıq” layihəsini həyata keçirirlər. Layihədə “Qafqaz ritmləri” rəqs studiyası, xoreoqraflar Rəşidə Məmmədova, Saymon Tsertsvadze, Teymur və Mədinə Əlisultanovlar, Azərbaycanda yaxşı tanınan heykəltəraş və rəssam Emin Quliyevin rəhbərliyi ilə fəaliyyət göstərən art-studiya, məşqçi, “Neftçi”nin keçmiş oyunçusu Arif Zərbəliyevin başçılıq etdiyi “My Way” futbol komandası iştirak edirlər. Layihənin məqsədlərindən biri sərgilər, konsertlər və müxtəlif yarışlar vasitəsilə Azərbaycan mədəniyyətini və ənənələrini Nyu-Yorkda təbliğ etməkdir.
Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova tədbir iştirakçılarını Azərbaycanın müstəqilliyinin 27-ci ildönümü münasibətilə təbrik edərək bildirib ki, tarixi vətənimizin müstəqilliyinin bərpa olunması Azərbaycan xalqının ən böyük nailiyyətidir. O, mərkəzin müəllimlərinə də təşəkkür edərək onlara fəxri fərmanlar təqdim edib.
Digər diaspor təşkilatlarının nümayəndələri – Azərbaycan-Nyu-York Assosiasiyasının vitse-prezidenti Zəminə Mirhadıyeva və Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin prezidenti Münəvvər Vahabova müstəqillik illərində Azərbaycanın uğurlarından, birgə məqsədlər naminə diaspor təşkilatlarının birləşməsinin əhəmiyyətindən söz açıblar.