İslam ölkələri təhsil, elm və mədəniyyət təşkilatı – İSESCO və Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRİC) birgə təşkilatçılığı ilə 16-18 oktyabr tarixində Ankara şəhərində “İSESCO-ya üzv ölkələrdə icma əsaslı iqtisadiyyatın inkişafında əl sənətinin rolu” mövzusunda regional seminar keçirilib. Tədbirdə Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin sektor müdiri Vüqar Məmmədov iştirak edib.
Tədbirə Azərbaycanla yanaşı İordaniya, Mərakeş, Fələstin, Tunis, Oman, Qazaxıstan, İran, Tacikistan və Özbəkistandan sənətkarlıq və sənaye sahələri üzrə ekspertlər, həmçinin sahibkarlıq subyektlərinin nümayəndələri qatılıb.
Regional seminarda mədəni sənayelər və əl sənətinin iqtisadi, sosial və mədəni aspektlər üzrə təşviq edilməsi, İslam dünyasında bu sahəyə investisiyanın cəlb edilməsi və elementlərinin məhv olmaqdan qorunması, sahə üzrə müəlliflik hüquqlarının həyata keçirilməsi, innovasiya və yenilənmənin inkişaf edən mədəni sənayelərdə rolu mövzularında müzakirələr aparılıb.
Seminarda Azərbaycan tərəfindən “Yaradıcı sənayelər üzrə innovativ yanaşma” mövzusunda təqdimat və məruzə, ölkəmizdə qabaqcıl təcrübə nəzərə alınmaqla xalq sənətkarlığının qorunması və əl sənətinin dəstəklənməsi istiqamətində görülmüş işlər, gələcəyə baxış və hədəflər, habelə “Azərbaycan xalq yaradıcılığının 2019-2023-cü illər üzrə inkişafına dair Fəaliyyət Planı” barədə təqdim edilən məlumatlar regional seminarın iştirakçıları və ekspertlər tərəfindən maraqla qarşılanıb. Azərbaycanla bu istiqamətdə müştərək layihələrin icrası istəyi ifadə edilib.