Sentyabrın 5-dən 11-dək IX Beynəlxalq Kazan müsəlman filmləri festivalı keçiriləcək. 
   “Mədəniyyət dialoqundan dialoq mədəniyyətinə” devizi ilə reallaşacaq festivalın proqramına 25 ölkədən bədii, sənədli və animasiya olmaqla, ümumilikdə, 49 film daxildir.
   Festivalda azərbaycanlı rejissorlardan Şamil Əliyevin “Çölçü” və Fariz Əhmədovun “Əriyən ada” filmləri təqdim olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.
   Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə “Azanfilm” studiyası tərəfindən istehsal olunan “Əriyən ada” sənədli filminin ssenari müəllifi Esmira Əyyub, rejissoru Fariz Əhmədov, operatoru Rüfət Kərimov, bəstəkarı Rauf Əliyevdir.
    Xatırladaq ki, müxtəlif illərdə Rusiyadan Vladimir Xotinenkonun “Müsəlman”, ölkəmizdən Oqtay Mirqasımovun “Cadugər”, İrandan Əzizulla Həmidnezadənin “Soyuğun göz yaşları” və s. ekran əsərləri Beynəlxalq Kazan müsəlman filmləri festivalının qalibi olub.