Dünya İqtisadi Forumunun açıqladığı GCI-2018 üzrə ölkələrin rəqabətqabiliyyətlilik reytinqinə uyğun olaraq, Azərbaycan 69-cu yeri tutub. Reytinqin hesablamaları yeni metodika əsasında aparılıb.

Əqli Mülkiyyət Agentliyindən bildiriblər ki, reytinq 12 mövqe üzrə tərtib edilir və əqli mülkiyyət mövqeyi nəzərindən birinci mövqe – “Təsisatlar” vacib əhəmiyyətə malikdir. “Təsisatlar” mövqeyində “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə Azərbaycan 4.8 bal ilə 36-cı yerdə (ötən il 37-ci yerdə idi) qərarlaşıb. “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə Azərbaycan MDB dövlətləri arasında birinci yer tutur və müvafiq olaraq Ermənistandan 30, Gürcüstandan isə 54 pillə irəlidədir və Cənubi Qafqaz ölkələri arasında şəriksiz liderdir. Müqayisə üçün qeyd edək ki, Rusiya Federasiyası 85-ci, Ukrayna isə 114-cü yerdədir.

“İnnovasiya” mövqeyi üzrə Azərbaycan 71-ci yeri tutur. Bu mövqe üzrə Rusiya Federasiyası (36-cı yer) və Ukrayna (58-ci yer) bizdən öndədir. Gürcüstan 85-ci,  Qazaxıstan 87-ci yerdədir.

Azərbaycanın “İnnovasiya” mövqeyi üzrə göstəricilərinin yaxşılaşmasına bu mövqeyə daxil olan patent sahəsində və ticarət markaları sahəsində fəallığın yüksəldilməsinə yönəlmiş tədbirlər kömək etməlidir. “Patent ərizələri” və “Əmtəə nişanlarına ərizələr” göstəricilərinə görə Azərbaycan müvafiq olaraq 87-ci və 101-ci yerləri tutur. Əqli Mülkiyyət Agentliyində hazırda bu istiqamətdə, həm də elmi nəşrlərin H-indeksi istiqamətində işlər görülür.