Vaqif Qurbanov milli kinematoqrafiyamızın zəhmətsevər insanlarından biridir. Son illər Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal edilən bədii filmlərin əksəriyyətində onun əməyi var. Təcrübəli və təvazökar pirotexnik kadr arxasında qalsa da, bəzən adı titrlərdə görünməsə belə üzərinə düşən işi həmişə keyfiyyətlə yerinə yetirməyə çalışır.
   
   - Kinostudiyaya gəldiyiniz ilk gün yəqin yadınızda qalıb...
   - 1953-cü ildə Bakıda doğulmuşam. Bizim dövrün şəhər uşaqlarının həyatını kinosuz təsəvvür etmək mümkün deyildi. Paytaxtdakı kinoteatrlar ən çox getdiyimiz yerlər idi. Bəzən bir filmə dəfələrlə baxırdıq. Hərəmizin öz kino qəhrəmanı var idi. Lakin heç ağlıma gəlməzdi ki, nə vaxtsa kinostudiyada işə qəbul olunacaq, filmlərin çəkilişində iştirak edəcək, ekrandan gördüyüm məşhur aktyorlarla çiyin-çiyinə çalışacağam.
   Hərbi xidmətdə olanda pirotexnik kimi müəyyən vərdişlər əldə etmişdim. Orduda öyrəndiklərim kinostudiyada işə qəbul olunanda köməyimə gəldi. 1996-cı ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının qapısından içəri keçib bu “sehrli adaya” düşdüm. Əslində bir neçə il əvvəldən gəlmək istəyirdim, lakin alınmırdı. Çünki həmin dövrdə bütün sahələrdə olduğu kimi kino sənayesində də çoxlu problemlər var idi. Filmlərin çəkilişinə pul ayırmaq, yeni texnika almaq asan məsələ deyildi. Üstəlik, mütəxəssislərin çoxu dolanışıq üzündən kinostudiyanı tərk etmişdi. Sonrakı illərdə kinostudiyada direktorlar dəyişdi, ştatların çoxu ləğv olundu. Pirotexnik kimi məni də müqaviləli iş sisteminə keçirdilər. Bütün bunlara baxmayaraq sevdiyim işdən ayrılmadım. Bu gün filmlərə dəvət alanda müqavilə ilə çalışıram. Artıq 17 ildir ki, buradayam və heç bir yerə getmək barədə də fikirləşmirəm. Kinonun acı tüstüsü də artıq mənə şirin gəlir.
   
   - Pirotexnik deyəndə kino tamaşaçılarının yadına dərhal “Bəyin oğurlanması” filmindəki məşhur “Ələsgər” obrazı düşür. Həmin “Ələsgər” sizin prototipiniz deyil ki?
   - Yox, tam mənim prototipim deyil. Amma bəzi ümumi cizgilər var.
   
   - Kino kollektiv sənət olduğundan bir film üzərində yüzlərlə insan çalışır. Filmdə əksər kadrlar pirotexnikin verdiyi tüstüdən sonra çəkilir. Hansı filmlərdən həmin tüstünü əsirgəməmisiniz?
   - Belə filmlər çoxdur. “Qala”, “Girov”, “Cavad xan”, “Qisas almadan ölmə”, “Hökmdarın taleyi”, “Qorxma, mən səninləyəm - 2”... Bir də əlbəttə ki, “Dolu” filmi.
   
   - Bəlkə elə sonuncudan -“Dolu”dan ətraflı danışaq...
   - Bu filmdə əməyi olan hər bir kəs “Dolu” barədə saatlarla danışa bilər. Çünki çox uğurlu bir ekran əsəri yarandı, bütün yaradıcı və texniki heyətin zəhməti yerdə qalmadı. Bu gün fəxrlə deyə bilərik ki, milli kinematoqrafiyamız “Dolu” kimi mükəmməl bir əsəri yarada bildi.
   “Dolu”nun uğuruna film üzərində çalışan hər kəs inanırdı. Quruluşçu rejissor Elxan Cəfərov çox maraqlı bir yaradıcı ansambl yarada bilmişdi. Çəkiliş meydançasında əsl yaradıcılıq mühiti yaranmışdı. Quruluşçu operator Nadir Mehdiyev, quruluşçu rəssam Rafiq Nəsirov, icraçı prodüser Nadir Əliyev, rejissorlar Əliqulu Səmədov, Ənvər Həsənov bir-birlərini kəlmədən başa düşürdülər. Əsərin müəllifi Aqil Abbasın çəkiliş meydançasına gəlişi hamımız üçün toy-bayram olurdu. Təkcə yaradıcı heyətlə deyil, texniki işçilərlə də maraqlanır, filmin əhəmiyyətini başa salır, bizə ürək-dirək verirdi. “Dolu”nun Azərbaycanın bütün bölgələrində, o cümlədən bir neçə xarici ölkədə təqdimatı keçirilib. Hamısında Aqil Abbas mənim də əməyimi xüsusi qeyd edib. Sözün açığı, birinci dəfədir ki, müəllif tərəfindən belə diqqət görürəm.
   
   - “Dolu”nun çəkilişləri zamanı sizi müşahidə eləmişəm. İsmayıllıda yayın o qızmarında çəkiliş vaxtı hər gün bəlkə də 5-6 kilometr qaçırdınız. 60 yaşda bu enerji haradandı?
   - Cavanlıqda idmanla məşğul olmuşam, qılıncoynatma üzrə idman ustasıyam. Həmişə hərəkətdə olmağı xoşlayıram. Tənbəl adamdan heç xoşum gəlməz.
   
   - Bu gün pirotexnik işləmək istəyən gənclər varmı?
   - Bu sənətlə indi çox az maraqlanan var. Çünki gəlirinə görə əziyyəti çoxdur. İndiki cavanları daha çox maddi məsələlər maraqlandırır. Kino isə həmişə fədakar insanları sevir. Pirotexnik sənəti bir az ciddi sənətdir. Biz öz işimizi vicdanla görüb kənara çəkilirik. Bu illər ərzində ilk dəfədir ki, müsahibə verirəm. Yenə deyirəm, mən öz işimi vicdanla görməyə çalışıram. Çəkiliş meydançalarında verdiyim tüstü, yəqin ki, boşuna getməz.
   
   Etibar Cəbrayıloğlu