İctimai yerlərdə, o cümlədən mədəniyyət ocaqlarında siqaret çəkməyi qadağan edən qanunun qəbulundan sonra televiziya, kino-videofilmlərdə və teatr tamaşalarında tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğatını yasaqlayan müddəalar da müvafiq qanunvericiliyə əlavə edilir. Milli Məclisin Mədəniyyət komitəsinin oktyabrın 18-də keçirilən iclasında bununla bağlı bir sıra qanun layihələrinə baxılıb.

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda nəzərdə tutulan dəyişikliyə görə, televiziya və videofilmlərdə, teatr tamaşalarında, radio, televiziya, video və kinoxronika proqramlarında, uşaqlar üçün nəzərdə tutulan audiovizual əsərlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsilə açıq yayımlanması qadağan edilir.

Bununla bağlı “Televiziya və radio yayımı haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə komitədə nəzərdən keçirilib.

Bildirilib ki, həmçinin “İctimai televiziya və radio yayımı haqqında” qanuna da eyni məqsədlə yeni maddə əlavə olunacaq.

Eləcə də “Teatr və teatr fəaliyyəti haqqında” qanuna “Teatr tamaşalarında tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirilməsi qadağandır” məzmunlu 11.4-cü maddə əlavə ediləcək.

Qeyd olunub ki, hər üç qanunda nəzərdə tutulan dəyişikliklər “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna uyğunlaşdırılma məqsədi daşıyır.

Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.