Heydər Əliyev Fondu Rusiyanın Sankt-Peterburq şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan bağın ərazisində yerli şəhər administrasiyası ilə birgə yenidənqurma və abadlıq işləri aparıb.
Fonddan verilən məlumata görə, şəhərin sərt iqlim şəraiti dahi şairin əsərlərindən fraqmentlərin təsvir olunduğu pannolara və onun abidəsinə öz təsirini göstərib. Bərpa işləri zamanı pannoların üzərində zəruri işlər aparılıb, qızıl suyu ilə yazılar bərpa olunub, ətraf ərazi abadlaşdırılıb.
Sankt-Peterburqda Nizami Gəncəvinin abidəsinin açılışı 2002-ci il iyunun 9-da Azərbaycan və Rusiya prezidentləri Heydər Əliyev və Vladimir Putinin iştirakı ilə keçirilib. Abidənin müəllifi azərbaycanlı heykəltəraş Qəyruş Babayevdir. 2011-ci ildə isə şairin 870 illiyi ilə əlaqədar Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin himayədarlığı ilə bağda Nizami Gəncəvinin əsərlərindən fraqmentlərin təsvir olunduğu pannolar qurulub. Sankt-Peterburq qubernatorunun qərarı ilə bağa Nizami Gəncəvinin adı verilib.