Oktyabrın 12-də Azərbaycan saz-söz sənətinin tanınmış nümayəndəsi, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin anadan olmasının 125 illiyi münasibətilə Rəşid Behbudov adına Mahnı Teatrında tədbir keçirilib. Yubiley gecəsi Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Aşıqlar Birliyi, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi və “Türk dünyası Qorqud Ata aşıqlar karvanı” layihəsinin təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və “Türk dünyası Qorqud Ata aşıqlar karvanı” layihəsinin rəhbəri Menderes Dəmir Aşıq Şəmşirin həyatından və yaradıcılığından söz açıblar. Vurğulanıb ki, Aşıq Şəmşir Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək meydana gətirdiyi rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəsini daha da zənginləşdirmiş görkəmli söz ustalarındandır. Qədim saz havalarının və dastanların mahir ifaçısı kimi tanınan el sənətkarı daim Vətən torpağına bağlı olmuş, yaradıcılığı boyunca xalqın duyğu və düşüncələrini, yüksək mənəvi keyfiyyətləri və yurdun təbiət gözəlliklərini tərənnüm edib.
Saz-söz axşamında Azərbaycanın müxtəlif bölgələrini təmsil edən aşıqlarla yanaşı, Türkiyə və Qazaxıstandan gəlmiş sənət adamlarının da çıxışları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, Milli Məclisin deputatı, sənətkarın nəvəsi Cavid Qurbanov çıxış edərək Aşıq Şəmşirin sənət irsindən söz açıb, babası haqqında maraqlı xatirələrini bölüşüb. Ümummilli lider Heydər Əliyevin xalqımızın ən qədim mənəvi dəyərlərindən olan aşıq sənətinə, XX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri Aşıq Şəmşirin yaradıcılığına göstərdiyi diqqət və qayğıdan danışan C.Qurbanov Prezident İlham Əliyevin sərəncamı ilə söz ustadının 125 illik yubileyinin ölkəmizdə silsilə tədbirlərlə qeyd edildiyini vurğulayıb, bu diqqət və qayğıya görə ailəsi adından ölkə rəhbərliyinə və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Tədbirdə iştirakçılara Azərbaycan Aşıqlar Birliyinin və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin ustad aşığın 125 illiyi münasibətilə çap etdirdiyi “Dədə Şəmşir ərməğanı” kitabı və sənətkarın səs yazılarından ibarət disk hədiyyə edilib.