Bakıda beynəlxalq elmi konfrans keçirilir
Oktyabrın 23-də Bakı Konqres Mərkəzində “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə reallaşan konfransda 30 ölkədən 150-dək xarici qonaq iştirak edir.
Konfransın açılışında çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, qədim sivilizasiya mərkəzlərindən olan Azərbaycan tarixi dövlətçilik ənənələrinə malikdir. Diqqətə çatdırıb ki, tariximizdə Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər və Şirvanşahlar kimi dünyada tanınan dövlətlər olub. Şirvanşahlar zəngin dövlətçilik ənənələri ilə yanaşı, dahi şair və alimlərin yaşadığı bir dövlət kimi də tanınıb. Şirvanşahlar dövründə Bakı, Şamaxı və Dərbənddə çox böyük mədəniyyət, tarixi memarlıq nümunələri yaradılıb. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva elmə, tarixi-mədəni irsə böyük qayğı göstərirlər. Bu diqqət sayəsində Şirvanşahlar sarayı UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Mədəniyyət naziri Əbülfəs Qarayev çıxışında konfransın dövlətçilik tariximizin öyrənilməsi, dərk edilməsi baxımından əhəmiyyətini vurğulayıb. Bildirib ki, Şirvanşahlar Asiya ilə Avropanın kəsişdiyi bir coğrafiyada böyük dövlət olub. Müasir Azərbaycan hər zaman tarixinə, mədəniyyətinə həssaslıqla yanaşır. Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə İçərişəhər UNESCO-nun Mədəni İrs Siyahısında yer alıb. Şirvanşahlar Saray Kompleksi isə Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi sayəsində UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Şirvanşahlar dövlətinin tarixi haqqında iştirakçılara məlumat verən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov deyib ki, o dövrdə inşa edilmiş memarlıq abidələri, yazılmış ədəbi əsərlər dünya irsinin mükəmməl nümunələri sırasında xüsusi yer tutur.
Bildirilib ki, Şirvan şahlarının iqamətgahının, minillik Şirvan tarixinin ən gözoxşayan tikililərinin İçərişəhər ərazisində yerləşməsi bu konfransın keçirilməsi ilə bağlı ideyanın yaranmasının ən başlıca səbəblərindən olub: “Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu təşəbbüsü dəstəkləyərək konfransın ən yüksək səviyyədə keçirilməsinə dair müvafiq tapşırıqları verdilər. Düşünürəm ki, bu, dövlət rəhbərliyinin xalqımızın tarixi irsinə verdiyi yüksək dəyəri göstərir, gənc nəsillərə vətənpərvərlik hissini aşılayır, onlarda tariximizə bağlılıq və ona qarşı məhəbbət hissi oyadır”.
Qeyd olunub ki, Şirvanşahlar dövləti VI-XVI əsrlər kimi ağır və çətinliklərlə dolu tarixi bir dövrdə çiçəklənə bilib. Azərbaycan və eləcə də dünya ədəbiyyatının dahi simalarından olan Xaqani Şirvani və İmadəddin Nəsiminin o dövrdə yazıb-yaratmaları Şirvan şahlarının poeziya, elm və yaradıcılığa göstərdikləri diqqətin nümunələrindən biridir. Bu yaxınlarda Azərbaycanda Heydər Əliyev Fondu tərəfindən fondun vitse-prezidenti Leyla xanım Əliyevanın şəxsi təşəbbüsü ilə İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş “Şeir, incəsənət və mənəviyyat” şüarı altında birinci Nəsimi Festivalı müvəffəqiyyətlə keçirildi. Nəsimi adı bu gün hamımız üçün mənəviyyat və ziya simvoludur.
Konfransda daha sonra Şirvanşahlar dövlətinin minillik (VI-XVI əsrlər) tarixi, memarlığı, arxeologiya, etnoqrafiya, ədəbiyyat, epiqrafika və fəlsəfəsi mövzularında məruzələr dinlənilib.
Konfrans oktyabrın 24-də davam edəcək. Tədbir çərçivəsində Şirvanşahlar Sarayı Kompleksində “Şirvanşahlar irsi dünya muzeylərində” adlı sərgi açılacaq. Dünyanın məşhur muzeylərindən Şirvanşahlar dövlətinə, onun tarixi, mədəni irsinə aid nümunələrin təqdim olunacağı sərgi 2019-cu il yanvarın 25-dək davam edəcək.