Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi “Profi-Az” şirkəti ilə birgə respublikanın şəhər və rayonlarında sferik mobil kinoteatrların quraşdırılması və maarifləndirici filmlərin nümayişinə başlayıb.
   
   Layihənin əsas məqsədi uşaq və gənclərin dünyagörüşlərinin artırılmasını, yay istirahətlərinin, asudə vaxtlarının mənalı və səmərəli keçməsini təmin etməkdir.
   Avqustun 22-də Qax rayonunda da sferik kino ilə yaxından tanış olmaq və filmləri izləmək imkanı yaranıb. Qax şəhərindəki Nizami adına parkda quraşdırılmış 2 sferik mobil kinoteatrda gün ərzində yüzlərlə uşaq, yeniyetmə və gənc elm aləminə virtual səyahət edib. Nümayiş avqustun 23-də də davam edəcək.
   Qeyd edək ki, sferik kinoteatrın mobil sistemi dünyada ilk rəqəmsal tamgünbəzli proyeksiya sistemidir. Gələcəyin kinosu olan sferik kinonun nümayişi proyektorlar vasitəsilə 360 dərəcə baxış bucağı altında aparılır.
   Layihə çərçivəsində artıq respublikamızın şimal, cənub və şimal-qərb bölgələrində 18 şəhərdə sferik kino nümayiş olunub. Qaxdan sonra Zaqatala və Balakən tamaşaçıları da sferik filmləri izləmək imkanı əldə edəcəklər.