Mədəniyyət naziri Əbülfəs Qarayev Britaniya Şurasının (British Council) Azərbaycan üzrə yeni təyin olunmuş direktoru Samr Şahla görüşüb.
Görüşdə qonaq Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə tanışlıqdan məmnunluq hissi keçirdiyini qeyd edib. Bildirib ki, Böyük Britaniya ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığa dair bir çox prioritet istiqamətlər mövcuddur.
Görüşdə mədəniyyət sahəsi üzrə həyata keçirilmiş birgə layihələr, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Mədəni irsin qorunması, mədəniyyət sahəsində təhsil və digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Dünya səviyyəli Britaniya teatrlarının ən son və məşhur tamaşalarının ölkəmizdə uğurla səhnələşdirildiyi “Teatr HD” layihəsi və əlilliyi olan şəxslərin incəsənətdə iştirakının dəstəklənməsi məqsədini daşıyan “Unlimited” proqramı çərçivəsində əməkdaşlığın davam etdirilməsi, həmçinin Mədəniyyət Nazirliyi ilə Britaniya Şurası arasında əməkdaşlığa dair anlaşma memorandumunun imzalanmasına dair ilkin razılıq əldə olunub.