Azərbaycan

24 oktyabr 1882 – Böyük şair-dramaturq Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə; 1882 - 5.12.1941) Naxçıvanda anadan olub. Azərbaycan ədəbiyyatında ilk mənzum dramların, tarixi-fəlsəfi pyeslərin (“İblis”, “Topal Teymur”, “Şeyx Sənan”, “Xəyyam” və s.) müəllifidir. 1938-ci ildə repressiya olunub, 1941-ci ildə Sibirdə sürgündə vəfat edib.

24 oktyabr 1919 – Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin hökumət rəhbərlərinin iştirakı ilə Dövlət Teatrının rəsmi açılışı keçirilib.

 

25 oktyabr 1907 – Ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Mirzəağa Yüzbaşı oğlu Quluzadə (1907-1979) anadan olub. 50-ci illərdə Azərbaycan EA-nın Ədəbiyyat və Dil İnstitutunun direktoru işləyib.

25 oktyabr 1911 – Biblioqraf, ədəbiyyatşünas, pedaqoq Əliheydər Bala oğlu Qəhrəmanov (1911-1959) anadan olub.

25 oktyabr 1912 – Xalq rəssamı Bədurə Məlik qızı Əfqanlı (Ağamalova; 1912 - 7.5.2002) anadan olub. Akademik Dram Teatrında, “Azərbaycanfilm” kinostudiyasında (“Dəli Kür”, “Dədə Qorqud” və s. filmlər) geyim üzrə rəssam işləyib.

25 oktyabr 1913 – Bakıda (Tağıyev teatrında) Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının ilk tamaşası olub. Tamaşaya Hüseyn Ərəblinski quruluş verib.

25 oktyabr 1921 – Görkəmli aktrisa, Xalq artisti Nəcibə Haşım qızı Məlikova (1921 - 27.7.1992) anadan olub. Müxtəlif teatrlarda çalışıb. “Ögey ana” (Dilarə), “Aygün” (Aygün), “Əhməd haradadır?” (Nərgiz xala), “Arşın mal alan” (1965, Cahan xala) filmlərində yaddaqalan obrazlar yaradıb.

25 oktyabr 1923 – Bakı Rus Tənqid-Təbliğ Teatrı yenidən təşkil olunaraq Bakı İşçi Teatrı adlandırılıb. Sonradan bu sənət ocağı S.Vurğun adına Bakı Rus Dram Teatrı adlandı.

25 oktyabr 1925 – Yazıçı, tarixçi, şərqşünas Əbdül Ənbiyə oğlu Hüseynov (1925 – 14.5.2017) Bakının Əmircan kəndində doğulub. “İslam dünyasının cəngavəri”, “Üsyankar Xaqani” və s. tarixi romanların müəllifidir.

25 oktyabr 1930 – Xalq rəssamı, qrafik Elmira Həbibulla qızı Şahtaxtinskaya (1930 - 15.10.1996) anadan olub.

25 oktyabr 2008 – Dünya şöhrətli müğənni və bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayev (17.8.1942 - 2008) vəfat edib. Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. “Nizami” filmində (rej. Eldar Quliyev) baş rola çəkilib. Azərbaycanın “Şöhrət”, “İstiqlal” ordenləri ilə təltif edilib. Bakıda, Fəxri xiyabanda dəfn olunub.

 

26 oktyabr 1925 – Ədəbiyyatşünas, publisist, nasir Qafar Herisçi (1925-1997) anadan olub.

26 oktyabr 1946 – Xalq rəssamı Fərhad Qurban oğlu Xəlilov anadan olub. 1987-ci ildən Azərbaycan Rəssamlar İttifaqının sədridir.

 

Dünya

 

24 oktyabr 1882 – Macar bəstəkarı İmre Kalman (Imre Kalman, 1882-1953) anadan olub. “Silva”, “Sirk şahzadəsi”, “Monmartrın bənövşəsi” operettalarının müəllifidir.

24 oktyabr 1911 – Məşhur rus aktyoru, rejissor, SSRİ Xalq artisti Arkadi İsaakoviç Raykin (1911-1987) anadan olub. Miniatür estrada teatrının yaradıcısıdır.

24 oktyabr 1947 – Amerika aktyoru Kevin Klayn anadan olub. Filmləri: “Vanda adlı balıq” (“Oskar”, 1988), “Çaplin” və s.

 

25 oktyabr 1825 – Avstriya bəstəkarı Yohann (oğul) Ştraus (1825-1899) anadan olub. 150-dən çox vals, 15 operetta, digər musiqi əsərlərinin müəllifidir.

25 oktyabr 1838 – Fransız bəstəkarı Jorj Bize (Alexandre-Cesar-Leopold Bizet, 1838 - 3.6.1875) anadan olub. Operaları: “Karmen”, “Camile”, “Mərcan axtaranlar” və s.

25 oktyabr 1864 – Qırğız milli ədəbiyyatının banilərindən biri, şair, aşıq Toktoqul Satılqanov (1864-1933) anadan olub.

25 oktyabr 1881 – İspan rəssamı, heykəltəraş Pablo Pikasso (Pablo Ruiz Picasso; 1881 - 8.4.1973) anadan olub. Kubizm cərəyanının banilərindən biridir. Əsərləri: “Avinyonlu qızlar”, “Şar üzərində qızcığaz”, “Gernika”.

25 oktyabr 1894 – XX əsr türk xalq poeziyasının ustadı Aşıq Veysəl (Veysəl Satıroğlu; 1894 - 21.03.1973) Sivasda doğulub. Kiçik yaşlarında gözlərinin nurunu itirsə də, dillər əzbəri olan əsərlər yaradıb.

 

26 oktyabr 1819 – Yəhudi əsilli Danimarka yazıçısı, dramaturq Myer Qoldşmidt (Meir Aron Goldschmidt, 1819-1887) anadan olub.

26 oktyabr 1842 – Məşhur rus batalist rəssamı Vasili Vasilyeviç Vereşşagin (1842-1904) anadan olub. Əsərləri: “Müharibənin təntənəsi”, “Teymurləngin qapıları” və s.

Hazırladı:  Vüqar ORXAN