Rusiyanın mədəniyyət portalı Azərbaycan Kukla teatrının tamaşası haqqında

Rusiyanın rewizor.ru mədəniyyət portalında bu yaxınlarda Moskvada keçirilən   S.Obraztsov adına IX Beynəlxalq Kukla Teatrları Festivalında nümayiş olunan A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının “Ağ və qara” tamaşası haqqında resenziya dərc edilib. Tamaşanın müəllifi və quruluşçu rejissoru Kamran Şahmərdan, rəssamı Rusiyanın “Qızıl maska” milli mükafatının qalibi Tatyana Melnikovadır.

Müəllif Marina Abramova yazıda səhnə əsərinin fəlsəfi məğzinə xüsusi diqqət yetirib.

“Ağ və qara”. Bu, S.Obraztsov adına Beynəlxalq Kukla Teatrları Festivalında Azərbaycandan gələn kuklaçıların təqdim etdiyi tamaşanın adı idi. “Ah tənhalıq, sənin xasiyyətin necə də sərtdir”. Hər halda bu sözlər yetkinləşmiş, püxtələşmiş, dünyanın hər üzünü görmüş Şərq gözəli Bella Axmadulinanındır. Amma əgər sən dünyaya kor doğulmuş uşaqsansa, onda necə? Təəssüf ki, sənin tənhalığın ikiqat acı olacaq”, - deyə o yazır.

Sonra o, əsərin süjeti – kədərli, amma işıqlı, içi gözəllik və nurla dolu bir pritça haqda danışır...

“...Soyuq və zülmət. Oğlancığaz dünyaya kor doğuldu və ana onu adamlardan uzaqda böyütdü. Çünki dünya qəddar və biganədir... Tamamən işıq və qaranlığın kontrastı üzərində qurulmuş bu kukla tamaşasında oğlanın anası bəyaz geyinib.... Və bütün dünyanı gəzən oğulun yeganə dostu və köməkçisi əl ağacıdır...

Oğlan gedir, gedir və tək yol yoldaşı onu müşayiət edən küləkdir. Külək onun əsas yolgöstərəni, müəllimidir. O sanki müdriklik bəxş edən Ruhdur. “İnsanların gözü olsa da onlar görmürlər”. Ah, çox şeyi onlar görmür və görmək istəmirlər.  Ana haqlı idi – cəmiyyət amansız, ədalətsiz və riyakardır. O, fərqli olanı, zəifliyi, xeyirxahlığı və mərhəməti qəbul eləmir.

Şər qüvvənin daşıyıcıları – şeytani maskalar oğlanı dənizin dibinə atırlar. Orada isə onu yalnız balıq xilas edərək günəşə, işığa tərəf yuxarı qaldırır. Pritçanın son akkordu qüssəlidir – yalnız bir anlığa oğlanın gözləri açılır, zira, günəşin doğuşu ilə o, yenidən kor olur, amma onun Ruhu hamımıza səmavi, ilahi işıq verir...”

Müəllif yazının sonunda “İncil”dən məşhur kəlamı xatırlayır: “Kor koru aparırsa, onda hər ikisi quyuya düşəcək, çünki ruhun korluğu, cahillik daha çox faciəyə gətirib çıxarır”.  Bütün bunlar tamaşanın rejissoru Kamran Şahmərdanı da, Rusiya Milli Teatr mükafatı “Qızıl maska”nın diplomantı, gözəl rəssam Tatyana Melnikovanı da qayğılandırır. O, bu poetik pritçanın bütün qəhrəmanlarını parlaq, ifadəli və yaddaqalan verib”.