Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini qəbul edib. Prezident İSESCO-nun baş direktoruna VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirakına və məzmunlu çıxışına görə təşəkkür edib.
Əbdüləziz bin Osman əl-Tuveycri Bakı Humanitar Forumunun beynəlxalq əhəmiyyətindən bəhs edərək bildirib ki, bu, çox gözəl və səmərəli nəticələri olan platformadır.
Görüşdə Azərbaycan ilə İSESCO arasında uzun illər ərzində uğurlu, səmərəli əməkdaşlığın qurulduğu qeyd edilib, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Prezident İlham Əliyev İSESCO-nun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinə davamlı dəstəyinə görə minnətdarlığını bildirib.
Əbdüləziz bin Osman əl-Tuveycri Azərbaycanın İSESCO-nun Baş Konfransına sədrlik etdiyi 3 ilə dair baş direktorun hesabatı barədə dövlət başçısına məlumat verib. Bildirib ki, ölkəmizin rəhbərlik etdiyi dövrdə həyata keçirilən uğurlu işlər hesabatda əksini tapıb.