Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində Bakı şəhər zona toplantısı keçirilib

Oktyabrın 29-da Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində “Müstəqilliyin varisləri – Azərbaycanın gələcəyi” mövzusunda Bakı şəhər zona toplantısı keçirilib. Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rektorları, qeyri-hökumət və tələbə gənclər təşkilatlarının nümayəndələri, Bakı şəhərinin rayon gənclər və idman idarələrinin əməkdaşları, idmançılar və başqaları iştirak ediblər.

Açılış mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev, mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digər çıxış edənlər əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətindən, bu istiqamətdə qazanılan uğurlardan danışıblar.

Mədəniyyət nazirinin müavini Rafiq Bayramov çıxışında diqqətə çatdırıb ki, istedadlı gənclərin yaradıcılıq potensialını inkişaf etdirmək, onlara dövlət qayğısını təmin etmək məqsədilə ümummilli lider Heydər Əliyev “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” 1996-cı il 22 iyun tarixli fərman imzalayıb. Fərmana uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə indiyə kimi incəsənət sahəsində xüsusi istedadı olan 124 gəncin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüblər. Həmçinin, ölkə başçısının 2013-cü il 2 iyul tarixli fərmanı ilə elm, mədəniyyət, ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün “Prezident mükafatı” təsis edilib, ötən dövrdə onlarla gənc bu mükafatla təltif olunub.

Nazir müavini qeyd edib ki, gənc nəslin incəsənətə cəlb olunmasına, bu sahədə keyfiyyətli təhsil almasına böyük diqqət və qayğının təzahürü olaraq son illər respublikada yeni uşaq musiqi, incəsənət, aşıq, muğam məktəbləri yaradılıb, onlarla yeni məktəb binası tikilib və əsaslı təmir edilib, məktəblər zəruri avadanlıq, tədris vəsaitləri ilə təchiz olunub. Hazırda Mədəniyyət Nazirliyi sistemində 211 uşaq musiqi, incəsənət və rəssamlıq məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə müxtəlif ixtisaslar üzrə 59 minə yaxın şagird təhsil alır, 15 mindən çox müəllim çalışır. Gənc istedadların üzə çıxarılması, onların peşəkar inkişafının istiqamətləndirilməsi məqsədilə Mədəniyyət Nazirliyi mütəmadi olaraq baxışlar, festivallar, müsabiqələr, sərgilər keçirir. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 25 illiyinə həsr olunmuş rəsm və musiqi müsabiqələri, Q.Qarayevin 100 illik yubileyinə həsr olunmuş simli, nəfəsli və zərb alətləri üzrə gənc ifaçıların respublika müsabiqəsi, Gənc pianoçuların III respublika müsabiqəsi, xalq çalğı alətləri ifaçılarının, Habil Əliyev adına gənc kamança ifaçılarının, həmçinin uşaq xor və rəqs kollektivlərinin respublika müsabiqələri və digər tədbirlər bu qəbildəndir. Gənc musiqiçilər, rəqqaslar, rəssamlar nazirliyin dəstəyi ilə xarici ölkələrdə keçirilən müsabiqə, festival, sərgilərdə fəal iştirak edirlər. Son beş ildə uşaq və yeniyetmələrin 70-dən çox rəsm müsabiqəsi və sərgisi keçirilib. “Yaddaş” və “Salnaməfilm” studiyalarında gənc rejissorlar tərəfindən onlarla ekran əsəri çəkilib.

Digər çıxışlarda qeyd edilib ki, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının inkişafı üçün yaradılan şərait bu sahəyə yüksək diqqət və qayğının nəticəsidir. Bu gün Azərbaycan gənclərinin qarşısında yeni hədəflər var, onlar ölkəmizi beynəlxalq aləmdə uğurla təmsil edirlər.

Çıxışlardan sonra toplantı iştirakçılarının sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb. Toplantıda Bakı şəhərinin inzibati rayonları üzrə VIII Respublika Forumuna 411 nümayəndə seçilib.

Xatırladaq ki, Azərbaycan Gənclərinin I Forumu ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı  ildə keçirilib.