Oktyabrın 26-da Milli Kitabxanada “Azərbaycan-Rusiya: ümumi tarixin səhifələri” mövzusunda hazırlanmış kitab kolleksiyasının təqdimatına həsr olunmuş virtual telekonfrans keçirilib. Tədbir Rusiyanın Sankt-Peterburqdakı B.Yeltsin adına Prezident Kitabxanası, Azərbaycan Milli Kitabxanası və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası ilə birlikdə reallaşıb.
VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən telekonfransı B.Yeltsin adına Prezident Kitabxanasının informasiya resursları üzrə direktoru Yelena Jabko giriş sözü ilə açaraq tədbirin təşkilini yüksək qiymətləndirib.
Sonra Rusiya Prezident Kitabxanasının baş direktorunun müavini Yaroslava Borozdina, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov mövzu üzrə geniş məlumat verərək telekonfransın əhəmiyyətindən danışıblar.
Tədbirdə Rusiya Prezident Kitabxanasının biblioqrafı Dmitri Kosenko, Azərbaycan Prezident Kitabxanasının əməkdaşları Anastasiya Kosayeva və Jalə Qurbani məruzələrlə çıxış ediblər. Milli Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsinin müdiri Gülsəidə Abdullayevanın “Rusiya-Azərbaycan: ümumi tarixin səhifələri” mövzusunda məruzəsi dinlənilib.
Tədbirdə hər üç kitabxananın mütəxəssisləri tərəfindən nadir kitabları əhatə edən elektron məlumat bazalarının təqdimatı olub.