Oktyabrın 26-da VI Bakı Beynəlxalq Humanitar Forumunun bağlanış mərasimindən sonra müxtəlif xarici ölkələrdən olan nümayəndələr mədəni proqram çərçivəsində paytaxtın mədəniyyət ocaqları və muzeylərini ziyarət ediblər.
Azərbaycan Xalça Muzeyini ziyarət zamanı qonaqlara milli xalçaçılıq məktəbləri, xalçaların hazırlanması haqqında, eləcə də muzeyin yaranması və fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan Xalça Muzeyinin əsası 1967-ci ildə qoyulub. Muzeyin yaradılmasının təşəbbüskarı görkəmli alim və xalçaçı-rəssam Lətif Kərimov olub. Muzeyin Dənizkənarı Milli Parkdakı yeni binası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı əsasında inşa edilərək 2014-cü ildə istifadəyə verilib. Avstriyalı memar Frans Yantsın layihəsi əsasında yaradılan muzeyin yeni binası bu gün Bakının müasir memarlıq nümunələrindən biridir. Muzey zəngin irsimiz olan xalçaların saxlanc yeri, onların yüksək səviyyədə təqdimatı məkanı olmaqla bərabər, həm də milli xalça sənətinin tədqiq olunduğu elm və mədəniyyət ocağı kimi fəaliyyət göstərir.
Qonaqlar Azərbaycan Milli İncəsənət Muzeyi ilə də tanış olublar. Məlumat verilib ki, Azərbaycan Milli İncəsənət Muzeyi milli dəyərlərimizin və ümumbəşəri mədəni irsin qorunub saxlandığı zəngin bir xəzinədir. Muzey 1936-cı ildə təşkil edilib, 1937-ci ildə ilk ekspozisiyanın açılışı olub. Muzeyin ekspozisiyası, qədim Şərq və Azərbaycan, eləcə də Rusiya və Qərbi Avropa incəsənətinin müxtəlif dövrlərini əhatə edən sənət əsərləri ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.