Hindistanda dünyanın ən hündür abidəsinin - Birlik heykəlinin quraşdırılması prosesi başa çatıb. Ölkənin milli qəhrəmanı Vallabhai Patelin 182 metrlik heykəli Hucarat ştatında Vadodara şəhəri yaxınlığında ucaldılıb. Heykəl 58 metrlik postamentin üzərində quraşdırılıb. Kompleksin ümumi hündürlüyü 240 metrdir.

Abidənin açılış mərasimində Hindistanın Baş naziri Narendra Modi iştirak edib. 430 milyon dollara başa gəldiyi bildirilən layihə Narendra Modinin şəxsi təşəbbüsü ilə reallaşıb. Vallabhai Patel Hindistan milliyyətçilərinin və indiki baş nazirin  kumiridir.

Vallabhai Patel (1875-1950) Mahatma Qandinin liderliyi ilə Hindistanın Britaniya müstəmləkəçiliyindən azad olması uğrunda mübarizənin əsas qəhrəmanı sayılır. 1947-1950-ci illərdə Hindistanın baş nazirinin müavini, daxili işlər naziri olub. Müstəqilliyə qovuşandan sonra çoxsaylı knyazlıqlara parçalanma təhlükəsi olan Hindistanın birləşdirilməsində xüsusi xidmətlər göstərib. Həmçinin, ölkə konstitusiyasının müəlliflərindən biridir. Vətən qarşısında xidmətlərinə görə “Sərdar” (rəhbər) tituluna layiq görülüb.

Heykəltəraş Ram Vanci Sutarın müəllifi olduğu abidə indiyə qədər dünyanın ən uca monumenti sayılan Çindəki Cjunyuan Budda heykəlindən 23 metr, Nyu-Yorkdakı “Azadlıq” heykəlindən isə demək olar ki, iki dəfə hündürdür. Abidənin postamentində muzey, ətrafında park və süni göl yaradılıb, içərisində yuxarı qalxmaq üçün sürətli lift quraşdırılıb. Ən yüksək hissəsində turistlər üçün xüsusi baxış meydançası var.

İLONA