Noyabrın 1-dən 3-dək Bakıdakı Muzey Mərkəzində “Azerbaijan Fashion Week” (AFW) – ölkəmizin rəsmi moda həftəsinin 8-ci mövsümü keçirilir.

“Azerbaijan Fashion Week”in mətbuat xidmətindən bildirib ki, 8-ci mövsümün əsas vizual obrazları kimi, müəllifin razılığı ilə, Əməkdar rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, sənətşünaslıq fəlsəfəsi doktoru Rəşad Mehdiyevin əsərlərindən istifadə edilib. Qadın – onun siması, cəmiyyətdəki və ilham mənbəyi olaraq yaradıcılıq prosesində rolu istedadlı rəssamın işlərində əsas yerlərdən birini tutur.

8-ci dəb mövsümünün iştirakçıları Azərbaycan, Qazaxıstan, Gürcüstan və Tacikistandan tanınmış dizaynerlərdir. Onlar  2019-cu ilin yaz-yay mövsümünün ən son kolleksiyalarını qonaqlara təqdim edəcəklər.

Əsas nümayiş proqramı ilə yanaşı, ənənəvi hala çevrilən “Showroom АFW” də təşkil olunacaq. “Showroom АFW”nin məqsədi butik sahibləri və bayerlərə axtarışlar üçün vaxt itirmədən dizaynerlərlə bilavasitə ünsiyyətə girmək, mövsümün yenilikləri barədə öyrənmək imkanı yaratmaqdır.