Müasir dünya üçün vacib, yeni dünyada yeni insan inkişafıyla bağlı bir mövzuya bəşərin tərəqqipərvər qüvvələrinin münasibətini formalaşdırmaq məqsədi daşıyan böyük bir hərəkata ev sahibliyi etmək məsuliyyətli olduğu qədər, həm də şərəflidir.

Bakıda keçirilən 6-cı Beynəlxalq Humanitar Forum bu gün müharibələr ocağında ağrı-acı yaşayan bəşərin gələcəyə üz tutarkən əli-ayağı soyumuş ümidini Odlar Yurdunda qızdırmaq arzusu kimi də dəyərləndirə bilərik.

Forumda iştirak etməsəm də, uzaq ellərdən gəlmiş dostlarımın da bu mötəbər toplantıda iştirakı onun haqqında təsəvvürümü canlı edə bildi. Düzünə qalsa, dostlarımı uzaq ellərdən gəlmiş biri kimi təqdim etməyim heç də doğru olmayacaq. Məsələn, misirli xanım doktor Mona Zedan fəxrlə doğma diyar adlandırdığı Azərbaycanımıza “ikinci ana Vətənim” deyir. Forumun tribunasında çıxışını məhz ikinci ana Vətəninin dilində edən Mona xanım “Ayrılarmı könül candan” deyərək Səməd Vurğun misralarıyla bəyan etdi sevgisini dünyaya.

“Haradan başlayıb bu Vətən?” – elə bu suala onun cavabını da olduğu kimi təqdim edirəm:

- Vətənim Misir qədər mənə əziz və doğma olan Azərbaycanda yenidən olmaqdan və sizinlə görüşməkdən çox məmnunam. Misir və Azərbaycan dostluğu həyatdakı  uğurlarımın rəhnidir. Hazırda Misir Ərəb Respublikasının Helvan Universitetində Musiqi təhsili fakültəsinin Fortepiano şöbəsinin doktorantı qədər yüksəlişim həm də Azərbaycanda aldığım təhsilimə bağlıdır. 12 il bundan öncə Helvan Universitetinin magistri olarkən “Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirov və Misirin şöhrətli bəstəkarı Məhəmməd Əbdülvahabın yaradıcılığının müqayisəli təhlili” mövzusu üzrə diplom işimi tamamlamaq üçün Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında magistratura təhsilimi davam etdirməyə başladım. Daha sonra isə doktorantura təhsilimi Bakı Musiqi Akademiyasında davam etdirmiş və ümumilikdə isə 8 il Azərbaycanda yaşayıb təhsil almışam.

Bildiyimiz kimi, həm Misir, həm də Azərbaycan xalqı bütün dünyada qədim və zəngin mədəni irsin daşıyıcısı kimi  tanınır. Bu baxımdan hər iki xalqın musiqi folklorunun vacib ünsürü olan xalq mahnılarının öyrənilməsi maraqlı və aktual məsələlərdən biridir.

Bu sahə üzrə tədqiqatlarımda Azərbaycanda muğam sənətinə qayğı və diqqət göstərilməsi işinə öz töhfələrini vermiş ölkənin birinci xanımı Mehriban Əliyevanın adını fərəh hissiylə qeyd edirəm.

Mənim üçün ikinci Vətənim adlandırdığım Azərbaycan onun musiqisindən, mənim bir alim kimi tanınmağıma zəhmət sərf edən Ceyran Emin qızı Mahmudova, İsa Həbibbəyli, Fərhad Bədəlbəyli kimi dünya şöhrətli Azərbaycan alimlərinin gözəl qəlblərinə heyranlığımdan başlayıb. Gözəl Azərbaycan dilini isə Naxçıvanda öyrənməyə başladım və daha sonra bir musiqiçi olaraq onun ahənginə heyranlığım Misirdə belə onu təkmilləşdirməyimə səbəb oldu. Forumda çıxışımı da Azərbaycan dilində etməyim və çıxışımı heyrətamiz xalq mahnısı “Sarı gəlin”in ifasıyla tamamlamağım böyük alqışlarla qarşılandı.

 

- Mona xanım, siz yenə də Vətəniniz Misirə qayıdırsınız. Sizi tanıyan dost-tanışımın adından bir sualım var. Bu, ölkəmizdə fəaliyyət göstərən Misir səfirliyinin Mədəniyyət Mərkəzi haqdadır. Mən şəxsən artıq neçə illərdir ki, bu mərkəzi özümə çox doğma bilirəm və demək olar ki, bu günə kimi ona rəhbərlik etmiş insanlarla sıx münasibətlər qurmuşam. Doktor Seyd Qanem, Mustafa Abu Zeyd, Saleh Maşal, doktor Adel. Bu adlara böyük hörmət və izzətimi ifadə edir, dünyasını dəyişənlərə də rəhmət diləyirəm.

Hazırda mərkəzə rəhbərlik edən doktor Əhməd Sami də sənin kimi Azərbaycanda təhsil alıb və mən ona çox vaxt Azərbaycanın misirli oğlu deyə müraciət  edirəm. Bir filoloq olaraq o da dillimizə böyük məhəbbətlə azərbaycanca səlis danışır və Misir və Azərbaycan ədəbiyyatından tərcümələriylə tanınır. Misir Mədəniyyət Mərkəzinə dilimizi gözəl bilən mütəxəssisin  rəhbərlik etməsi çox yaxşı haldır. Doktor Saminin fəaliyyət müddəti bitdiyi üçün istərdik ki, gələcəkdə də Mədəniyyət Mərkəzinə növbəti rəhbər dilimizi və mədəniyyətimizi bilən sizin bir mütəxəssis olsun. Siz necə düşünürsünüz?

- Əlbəttə, istərdim. İnşallah, ölkəm gərək bilsə, növbəti təyinatda bu mümkün ola bilər. Hələliksə mən bir Vətənimə - Azərbaycana əlvida demədən ana yurdum Misirə yola düşürəm...

 

Mona Zedanla sağollaşarkən ona demək istədim ki, əslində, sənin Beynəlxalq Humanitar Forumun tribunasından oxuduğun “Sarı gəlin” yeni dünyada yeni insan inkişafı çağırışıyla çıxış edən Azərbaycan xalqının, onun tək torpağına deyil, musiqisinə belə göz dikən bədxahlarına bəşəri dildə bir mesajın idi. Misir xalqının gözəl övladı Mona Zedanın bizim dərdimizlə həmrəyliyi idi.

Sədaqət KAMAL