Noyabrın 15-də Akademik Milli Dram Teatrında Azərbaycan teatr və kino sənətinin parlaq nümayəndəsi, Xalq artisti Həsən Turabovun (1938-2003) 80 illiyinə həsr edilmiş tədbir keçiriləcək.
Mədəniyyət Nazirliyi və teatrın birgə təşkilatçılığı ilə gerçəkləşəcək tədbirdə unudulmaz sənətkarın yaradıcılığından söhbət açılacaq, rol aldığı tamaşa və filmlərdən bəhs olunacaq, incəsənət xadimləri Həsən Turabov haqqında xatirələrini bölüşəcəklər.
Həsən Turabov 1960-cı ildə Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib.
Aktyor “Yeddi oğul istərəm”, “Babək”, “Axırıncı aşırım”, “Dantenin yubileyi”, “Qəm pəncərəsi”, “Bəyin oğurlanması” və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. “Qanlı zəmi” (“Atları yəhərləyin”) filminə quruluş verib, eyni zamanda baş rolu (Qaçaq Nəbi) oynayıb.