Musiqili teatrın gəncləri xarici qonaqları təəccübləndiriblər

“Four Seasons Hotel”də Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq, təbliğ etmək məqsədilə Rusiya Federasiyası, Böyük Britaniya, Portuqaliya, İtaliya və dünyanın digər yerlərindən ölkəmizə gələn qonaqlar üçün yaddaqalan şou-proqram təqdim olunub.

Proqramda Azərbaycanın incəsənət nümayəndələrinin nümayiş etdirdiyi nömrələr sırasında Dövlət Musiqili Teatrının əməkdaşı Zaur Əliyevin quruluşunda dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşasından parça da təqdim olunub. Musiqili komediyanın qəhrəmanları – Əsgər və Gülçöhrənin səmimi məhəbbəti, Süleyman, Asya, Cahan xala, Soltan bəy, Telli, Vəli və s. kimi obrazların özünəməxsusluğu pantomim hərəkətlərlə göstərilib.

Musiqili klassik pantomim janrında ifa olunan bu səhnəcik aktyorların pantomim hərəkətləri, milli geyimlərinin rəngarəngliyi ilə xarici turistlərin diqqətini çəkib, xüsusi rəğbət və sürəkli alqışlarla qarşılanıb.

Tamaşanı teatrın gənc aktyorları Əmrah Dadaşov, Ruslan Mürsəlov, Nərmin Əliyeva, Fərid Muradoğlu, Pərvin Dadaşov, Eleonora Mehdiyeva, həmçinin teatrın nəzdində fəaliyyət göstərən Yaradıcılıq studiyasının gənc istedadları Nadir Rzayev, Nigar Qarayusifli ifa ediblər.