“Azərbaycanfilm” - 90
Bu il avqustun 6-da ölkə Prezidenti İlham Əliyev Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyi haqqında sərəncam imzalayıb. Sərəncamda kinostudiyanın fəaliyyətə başladığı gündən bəri zəngin inkişaf yolu keçdiyi, xalqımızın qədim tarixi ənənələrə malik mədəni-mənəvi irsinin qorunub saxlanmasında, peşəkar milli kadrların hazırlanmasında xidmətləri vurğulanır. Sentyabrın 30-da “Azərbaycanfilm”in 90 illiyi geniş şəkildə qeyd olunacaq.
Biz də yubiley ərəfəsində ömrünün və yaradıcılığının əsas hissəsini kinostudiyanın divarları arasında keçirən və bir qayda olaraq “kadr arxasında” qalan sənət xadimləri ilə oxucularımızı tanış etmək qərarına gəldik. İlk qonağımız 70 yaşını qeyd etməyə hazırlaşan və həyatının 50 ilini kinostudiyada yaradıcılığa həsr edən Əməkdar mədəniyyət işçisi, çoxsaylı sənədli filmlərin operatoru, fotoqraf-rəssam Elman Əliyevdir. Qocaman sənətkarla zəngin sənət yoluna səyahət etdik.
“Smena”nın obyektivindən həyata baxış
1955-ci il. 11 yaşlı Elmanın ad günü ərəfəsində valideynləri ona o vaxt çoxlarının arzusunda olduğu “Smena” fotoaparatını hədiyyə edirlər. Bu hədiyyə onun həyat yolunun müəyyənləşməsində həlledici rol oynayır. Əvvəl dostlarını, ailə üzvlərini və sözsüz ki, böyüdüyü İçərişəhərin dar küçələrini fotolentin yaddaşına köçürür. Yavaş-yavaş fotoqrafiya sənətinin sirlərini öyrənməyə başlayır. Atası oğlunun fotoqraflığa böyük həvəsi olduğunu görüb, ona lazım olan avadanlığı alır. Elman böyük həvəs və bacarığı sayəsində oxuduğu 132 saylı məktəbin pioner qəzetinin fotoqrafı olur.
Kinoya gəliş
Elmanın 15-16 yaşı olanda evlərinin yaxınlığındakı parkda kinoklub fəaliyyətə başlayır və o, həmin kluba üzv yazılır. Onun bu sahədə həvəs və bacarığını görüb, bütün fotolaboratoriya işini Elmana həvalə edirlər. Fotoqraf-rəssam o illəri belə xatırlayır:
- Həmin ərəfədə xoş bir təsadüf baş verdi. Əmimgildə qonaq olan Xalq rəssamı Elbəy Rzaquliyev kino və foto ilə məşğul olduğumu öyrəndi və kinostudiyada işləməyimə kömək edəcəyinə söz verdi. Məktəbi bitirdikdən sonra görkəmli sənətkarın vasitəsilə kinostudiyanın foto sexində işə düzəldim. Həmin dövrdə kinostudiya Hökumət evinin arxasında yerləşirdi. İl yarım orada işlədikdən sonra 1965-ci ildə kinostudiya yeni binaya köçdü və yeni avadanlıqlar, yeni ab-hava məndə kinoya həvəsi daha da artırdı. Fotoqraflıqla yanaşı, operator kimi də fəaliyyət göstərməyə başladım.
1968-ci ildə xəbər yayıldı ki, Xalq artisti, rejissor, “Neft daşları haqqında əfsanə” filminə görə Lenin mükafatı laureatı olan Cavanşir Məmmədov tanınmış elm adamları haqqında sənədli filmlər çəkmək üçün Moskvadan Bakıya gəlir. Doğrusu, buna çox sevindim, həmin layihədə çalışmaq istəyimi kinostudiyanın sənədli filmlər bölməsinin rəisi Fərəməz Səfiyevə bildirdim və təklifim qəbul olundu. Həmin çəkilişlər zamanı Azərbaycanın görkəmli elm xadimlərini yaxından tanıdım və onlar haqqında geniş məlumat aldım.
Cavanşir Məmmədovun tələbkarlığı qarşısında özünü doğrultmağı bacaran gənc operatora kinostudiyada inam artmağa başlayır. Öz növbəsində Fərəməz Səfiyev Elman Əliyevin operatorluğa böyük həvəsini görür və Moskvada kurs keçməsi üçün onun namizədliyini irəli sürür.
- 1973-cü ildə məni 6 aylıq operator kursu keçmək üçün Moskvaya göndərdilər. Eyni zamanda operatorluq qabiliyyətimi yoxlamaq üçün bir neçə sənədli süjet çəkməyi tapşırdılar. Sənədli film kimi ilk olaraq “Dinamo” stadionunda basketbol oyununun çəkilişini apardım və bu iş uğurlu alındı. Sonra yeni-yeni ekran əsərlərinin çəkilişləri bir-birini əvəz etdi.
İllər ötdükcə Elman Əliyev kinostudiyada öz uğurlu çəkilişləri ilə diqqəti cəlb etməyi bacardı. Teyyub Axundovun “Xalq istedadları” filmində, 1974-cü ildə rejissor Əlihüseyn Hüseynovun Cəmil Əlibəyovun ssenarisi əsasında çəkdiyi “Naxçıvan - qədim diyar”, Rauf Hacıyevin “Səadət naminə” sənədli filmlərində operator kimi çalışır.
Tammetrajlı filmlərə də dəvət alan Elman müəllim Rasim Ocaqov, Oqtay Mirqasımov, Əlihüseyn Hüseynov və digər tanınmış kinorejissorların ekran əsərlərinin çəkilişlərində ikinci operator, operator assistenti kimi iştirak edib. Son illərdə Xalq artisti Eldar Quliyevin çəkdiyi “İstanbul reysi”, “Dərvişin qeydləri” filmlərinin fotoqraf-rəssamı olub. Xalq artisti Ramiz Əzizbəylinin “Yalan”, Elxan Qasımovun “Biz qayıdacağıq” filmlərində həm də fotoqraf obrazını canlandırıb.
50 ilin yada düşən xatirələri
“Axtaran tapar” adlı sənədli filmlər toplusunun çəkilişlərini yada salan veteran sənətkar qeyd edir ki, akademiklər Həsən Əliyev, Mirəli Qaşqay, Məmməd Arif Dadaşzadə, Mirzə İbrahimov kimi insanları kinonun yaddaşına köçürdüyü anları unuda bilmir.
- Həmin vaxt bu dahiləri lentə aldığım üçün özümü xoşbəxt sayırdım. Sonralar müxtəlif filmlər çəkdim. Mənzərə filmləri də çəkmişəm. Hətta təşviqat qatarı ilə Azərbaycanın bütün rayonlarında olmuşam və konsert briqadalarını lentə köçürmüşəm. İndi həmin illər gözümün qarşısında bir anlığa canlanır. Kinostudiyanın qaynar həyatı indi də gözümün qabağındadır. Məşhur futbolçular Lobanovskini, Peleni, kosmonavtlardan Komarovu çəkmək mənə qismət olub. Hətta 1973-cü ildə Moskvada “Lujniki” stadionunda sərbəst operator kimi ümumdünya universiadasını çəkməyimi də indi xoş xatirə kimi xatırlayıram. “Brejnev Bakıda” filmində də işləmişəm.
Qarabağı çəkə bilsinlər...
Ömrünü bu sənətə həsr etdiyinə heç də peşman olmadığını dilə gətirən sənətkar filmlərdə fotoqraf-rəssam kimi fəaliyyətini davam etdirir, o illərin qaynar həyatının kinomuza qayıtmasını arzulayır və artıq bu prosesin başladığını deyir. Hazırda kinomuzda yaranan canlanmanı təqdir edir. Bir vaxtlar doğma Qarabağda apardığı çəkilişləri də yada salan qocaman sənətkar duyğulanır:
- Ən böyük arzum budur ki, vaxtilə mənim operator kimi gəzib çəkdiyim qədim Qarabağ torpağında gənclərimiz də gedib çəkilişlər aparmaq imkanı əldə edə bilsinlər. Gənc nəsil də mənim yaşım qədər yaşayıb, mənim işlədiyim qədər bu kinostudiyada çalışıb uğur qazansınlar.
Lalə Azəri