Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Şəki şəhərinin tarixi hissəsinin qorunması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Şəkinin tarixi hissəsini əhatə edən “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu çoxəsrlik tarixə malik abidələr və unikal mədəniyyət nümunələri ilə zəngin bir ərazidir. Son illərdə qoruq ərazisində həyata keçirilmiş tədbirlər nəticəsində “Aşağı Karvansaray” kompleksi, “Şəkixanovların evi”, M.F.Axundzadənin ev-muzeyi, qədim küçələrin bir hissəsi bərpa olunub. Şəki şəhəri 2008-ci ildə Dünya Tarixi Şəhərlər Liqasının üzvü seçilib, 2010-cu ildə Azərbaycanın “Sənətkarlıq paytaxtı” elan edilib, 2017-ci ildə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına salınıb.
Bununla yanaşı, qədim şəhərin xarici qonaqlar üçün cəlbedici məkana çevrilməsi təbii təsirlərə məruz qalmış tarix və mədəniyyət abidələrinin konservasiyası və bərpası, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsi işlərinin sürətləndirilməsini şərtləndirir. Sərəncamda Dövlət Turizm Agentliyinə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin siyahıya alınmasını və vahid məlumat bazasının yaradılmasını təmin etmək, ərazidəki tarix və mədəniyyət abidələrinin uzunmüddətli qorunması, konservasiyası, bərpası və məqsədyönlü istifadəsi ilə bağlı konsepsiyanın layihəsini hazırlamaq tapşırılıb.