Prezidentin tapşırığına əsasən yaradılmış işçi qrupunun ilk iclası keçirilib

Şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən yaradılmış işçi qrupunun noyabrın 1-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında ilk iclası keçirilib.

İclasda Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, səhiyyə naziri Oqtay Şirəliyev, mədəniyyət naziri Əbülfəs Qarayev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov və Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev iştirak ediblər.

İclasda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işçi qrupuna Mikayıl Müşfiqin qalıqlarının aşkar edilməsi ilə bağlı KİV-lərdə gedən məlumatların öyrənilməsi, müvafiq arxiv materiallarının araşdırılması, şairə məxsus olduğu ehtimal edilən qalıqların DNK analizinin keçirilməsi və digər zəruri tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar verilib.

İşçi qrupunun gördüyü işlər və əldə edilmiş nəticələr barədə mütəmadi olaraq Azərbaycan Prezidentinə məruzə olunacaq və ölkə ictimaiyyətinə məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış, Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş şair Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı son zamanlar kütləvi informasiya vasitələrində materiallar yayıldıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məsələni şəxsi nəzarətinə götürüb.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, dövlət başçısı məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib.

Əli Həsənov onu da qeyd edib ki, cənab Prezident həmişə Azərbaycan mədəniyyətinə, mədəniyyət və incəsənət xadimlərinə, xüsusilə repressiya qurbanı olmuş ziyalılarımızın xatirəsinə böyük diqqətlə yanaşıb. Bunun bariz nümunəsi kimi, dövlətimizin başçısının 2017-ci ilin fevralında Bakının Yasamal rayonu ərazisində keçmiş Statistika dairəsi adlanan yerdə Mikayıl Müşfiqin heykəlinin demontajına münasibətini göstərmək olar. O vaxt cənab Prezident məsələnin araşdırılması, günahkarların cəzalandırılması, heykəlin dərhal öz yerində bərpa olunması ilə bağlı tapşırıq vermiş, həmin göstərişin qısa zamanda icra olunmasından sonra da heykəli ziyarət etmiş və önünə gül dəstəsi qoymuşdur.

“Mikayıl Müşfiqin qalıqlarının aşkar olunması barədə yayılan məlumatlar hazırda dövlətimizin başçısının nəzarətindədir. Əminliklə demək olar ki, məsələnin ciddi araşdırılması ilə bağlı qısa zamanda müvafiq tədbirlər görüləcək və nəticə barədə ictimaiyyətə məlumat veriləcəkdir”, - deyə Əli Həsənov bildirib.