Milli Qəhrəman Şikar Aslanovun xatirəsi anıldı

Noyabrın 2-də Muzey Mərkəzində İstiqlal Muzeyi və Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə Milli Qəhrəman Şikar Aslanovun xatirəsinə həsr edilən “Vətən sənə oğul dedi...” adlı tədbir keçirildi.

Tədbir iştirakçıları əvvəlcə Tarix-diyarşünaslıq muzeyinin eksponatları və Milli Qəhrəmana həsr edilmiş guşə ilə tanış oldular.

Tarix-diyarşünaslıq muzeyinin direktoru Tariyel Abbasov tədbiri açaraq Cəbrayıl rayonunun erməni qəsbkarları tərəfindən işğalından bəhs etdi, Milli Qəhrəmanın həyat yolundan danışdı.

Bildirdi ki, vətənimizin müdafiəsi zamanı şəhidlik zirvəsinə yüksələn Şikar Aslanov 1970-ci il iyunun 10-da Cəbrayılın Süleymanlı kəndində dünyaya göz açıb. 1987-ci ildə kənd orta məktəbini birtirib, sonra sovet ordusunda hərbi xidmət keçib. 1990-cı ildə vətənə qayıdaraq polis sıralarında işə başlayıb. Ermənistan işğalçılıq  müharibəsinə başlayanda o da silaha sarılıb. 1992-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə düşmənin atəş nöqtələrini peşəkarcasına susdurub. Həmin il iyul ayının 2-də ağır döyüşlərin birində Şikar düşmənin snayper gülləsinə tuş gəlib və şəhid olub. Doğulduğu kənddə dəfn edilən Şikar Aslanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev çıxışında Vətən uğrunda canından keçən Şikar Aslanovun vətənpərvərlik örnəyi yaratdığını dedi. Bildirdi ki, belə qəhrəman oğulların təbliği gənclərdə vətənsevərlik ruhunun formalaşmasında böyük rol oynayır.

Rayon Ağsaqqallar Şurasının sədri, istefada olan polkovnik Vaqif Məhərrəmov (Şikar Aslanovun polis komandiri olub) Milli Qəhrəmanın şərəfli döyüş yolundan danışdı. Qeyd etdi ki, Şikar Aslanovda peşəkar hərbçiyə xas bir əhval-ruhiyyə vardı. O, əsl döyüşçü idi.

Tədbirdə daha sonra Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov, Milli Qəhrəmanın keçmiş döyüş yoldaşları Rəfael Abbasov, Mehman Hüseynov, bacısı Aytən Fətullayeva, İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi və başqaları çıxış edərək Şikar Aslanovun döyüş yolundan, göstərdiyi igidliklərdən söhbət açdılar.

Sonda Milli Qəhrəmanın qardaşı Mükafat Aslanov tədbirin təşkilatçılarına və iştirakçılarına öz dərin minnətdarlığını bildirdi.

SAVALAN