Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, tanınmış musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının baş müəllimi Seyran Əmir oğlu Qafarov ömrünün 49-cu payızında vəfat edib.

Seyran Qafarov 1969-cu il oktyabrın 2-də Bakıda anadan olub. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tarixi-nəzəriyyə və ifaçılıq fakültələrini bitirib. 1993-1997-ci illərdə BMA-nın “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi”  elmi laboratoriyasında işləyib. 1997-2010 illərdə Türkiyədə ixtisası üzrə pedaqoji fəaliyyət göstərib. Həmçinin Bakı Musiqi Akademiyasında Musiqi tarixi kafedrasında baş müəllim işləyirdi.

O, gənc musiqiçilərə Qərb musiqi tarixi, Asiya və Afrika xalqlarının musiqisini tədris etməklə yanaşı, BMA-nın laboratoriyasında Azərbaycanın qədim musiqi aləti ney haqqında elmi araşdırmalarını davam etdirirdi. S.Qafarovun 2007-ci ildə Azərbaycanda müdafiə etdiyi dissertasiya işi, 2010-cu ildə Türkiyənin Baş Attestasiya Komissiyası tərəfindən doktorluq elmi dərəcəsi ilə təsdiq olunub.

Seyran Qafarov Türkiyə və Azərbaycanda bir sıra beynəlxalq simpozium və konfranslarda elmi məruzələrlə çıxış edib, nüfuzlu elmi toplularda məqalələri dərc olunub.

Seyran Qafarov 2012-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv seçilmişdi.