Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi münasibətilə Rusiyanın Xalq artisti Sergey Bezrukovun rəhbərlik etdiyi Moskva Quberniya Teatrında “Russkiy balet” Teatrının ifasında “Yeddi gözəl” baleti nümayiş olunub. Əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının sabiq solisti, Azərbaycanın və Rusiyanın Əməkdar artisti, “Russkiy balet” Teatrının baletmeysteri Vitali Axundov səhnələşdirib.
Tamaşadan əvvəl çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Prezident İlham Əliyevin sərəncamına əsasən Qara Qarayevin 100 illiyilə bağlı silsilə tədbirlərin keçirildiyini bildirərək böyük sənətkarın yubileyinin Rusiyada, Türkiyədə, Qazaxıstanda və digər ölkələrdə təntənə ilə qeyd olunduğunu diqqətə çatdırıb.
Səfir “Russkiy balet” Teatrının bədii rəhbəri Vyaçeslav Qordeyevə Azərbaycan mədəniyyətinə və incəsənətinə, Qara Qarayev irsinə göstərdiyi diqqətə görə təşəkkürünü bildirib.
Vitali Axundov “Yeddi gözəl”in onun yaradıcılığında xüsusi yerindən danışaraq deyib ki, bu balet ən çox sevdiyi səhnə əsərlərindən biridir. O, tamaşanın ərsəyə gəlməsinə dəstək verən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə və Azərbaycanın Rusiyadakı səfirliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, Vitali Axundovun quruluşunda “Yeddi gözəl” baleti Rusiya Federasiyasının Mordoviya Respublikasının paytaxtı Saransk şəhərində də nümayiş olunub.