Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi ölkənin şimal-qərb bölgəsinə qastrol səfərinə gedib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, kollektiv noyabrın 6-da Balakəndə, ayın 7-də Zaqatalada, 8-də isə Qax rayonunda sənətsevərlər qarşısında “Vəsiyyət” tamaşası ilə çıxış edəcək.
Yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilən ikihissəli “qara komediya”nın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, səhnə tərtibatçısı Xalq rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
Dövran adlı varlı şəxsi 60 illik yubiley məclisində elektrik cərəyanı vurur. Bundan sonra onun var-dövlətini yaxınlarına bağışlaması barədə vəsiyyəti üzə çıxır. Onu dəfn edirlər və varidatı uğrunda mübarizə başlayır. Dövran isə ölməyib və qəbirdən yaxınlarına zəng edir...
Səhnə əsərində əməkdar artistlər Abbas Qəhrəmanov, Münəvvər Əliyeva, Mirzə Ağabəyli, Almaz Amanova, Kazım Həsənquliyev, Aslan Şirin, aktyorlar Rövşən Kərimduxt, Ləman İmanova, Sevinc Əliyeva və başqaları oynayırlar.