Qafqaz İslam Ordusunun 1918-ci ildəki zəfər yürüşündən bəhs edən sənədli filmin təqdimatı
Sentyabrın 11-də Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində rejissor Ziya Şıxlinskinin “Ağır günlərin xronikası” adlı sənədli filminin təqdimatı olub.
“Azərbaycanfilm” kinostudiyasında lentə alınan ekran əsəri 1918-ci ildə Azərbaycanda baş verən olaylardan, Xalq Cümhuriyyətinə köməyə gəlmiş türk hərbçilərinin azərbaycanlı qardaşları ilə birgə yaratdığı Qafqaz İslam Ordusunun şərəfli döyüş yolundan söz açır. Filmə ilk dəfə olaraq Rusiya, Türkiyə və Böyük Britaniyanın hərbi arxivlərindən götürülmüş sənədli kadrlar daxil edilib.
Rejissor Ziya Şıxlinski Qafqaz İslam Ordusunun tarixi missiyasına və Bakının erməni daşnaklarından azad edilməsinə həsr olunmuş film üzərində apardığı işdən, ordunun komandanı Nuru Paşanın və Əliağa Şıxlinskinin hərbi strategiyasının incəliklərindən və döyüş xəritələrindən bəhs edib.
Filmdə Nuru Paşa və Əliağa Şıxlinskinin bədii obrazları Qazaxda və Gəncədə ordunun qarşılanması səhnələri, habelə döyüş yolu fraqmentlərini əks etdirən epizodlar ekranlaşdırılıb.
Ekran əsərində hadisələr 1918-ci il mayın 25-dən sentyabrın 15-dək olan dövrü əhatə edir.
Film TRT-nin Bakıdakı nümayəndəliyinin, Regional televiziya şəbəkəsinin, “Xəzər” TV-nin və Cənub regional televiziyasının texniki və informasiya dəstəyi ilə hazırlanıb. Türkiyə Silahlı Qüvvələri Hərbi Arxivinin, Sankt-Peterburqdakı Rusiya Hərbi-Tarixi Artilleriya, Mühəndis Qoşunları və Rabitə Qoşunları muzeylərinin, Azərbaycan Milli Arxiv Fondunun və Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəsmi saytının materiallarından istifadə edilib.
Çəkilişlər Qazax, Gəncə, Kürdəmir, Şamaxı və Lənkəranda aparılıb. Filmin operatoru Yuri Varnovskidir.