Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Bolqarıstan Milli Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb. Teatrın mətbuat xidmətindən bildirilib ki, sənədi Bolqarıstan Milli Teatrının baş direktoru Marius Donkin və Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azərpaşa Nemətov imzalayıb.
Mərasimdə iki teatrın rəhbəri memorandumun qarşılıqlı əməkdaşlıq baxımından böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıblar.
Qeyd olunub ki, sənəddə Bolqarıstan və Azərbaycanın milli teatrları arasında əməkdaşlığın inkişaf etdirilməsi, yaradıcı və fərdi səviyyələrdə qarşılıqlı tanışlıq və fəaliyyət, teatrlarda yeni incəsənət platformaları, ideya və formaların yaradılması və onların müzakirəsinin təşkili kimi məsələlər əksini tapıb.
Memorandum, eyni zamanda klassik və müasir dram əsərlərinin mübadiləsi, hər iki kollektivin ayrı-ayrı peşə sahələri – aktyor, səhnə, geyim dizaynerləri və digər işçilərin səmərəli qarşılıqlı fəaliyyət göstərə bilməsi, yalnız yaradıcılıq sferasında deyil, real teatr məhsulunun, marketinq tədqiqatlarının, ümumi insan resursları strategiyalarının, birgə layihələrin, festival və teatra dair seminarların təbliği sahəsində də ikitərəfli işçi qruplarının yaradılmasına, Bolqarıstan və Azərbaycan arasında mədəni əlaqələrin inkişafına dəstək olmaq məqsədi daşıyır.
Bolqarıstan teatrının rəhbəri Akademik Milli Dram Teatrının yaradıcı həyatı, truppa üzvləri ilə tanış olub, ona teatrın nəzdində yeni fəaliyyət göstərən Abbas Mirzə Şərifzadə, Mehdi Məmmədov, Tofiq Kazımov və Adil İsgəndərov səhnələri haqqında məlumat verilib.