“YARAT”ın seçdiklərindən seçmələr

Yağışın küləklə yarışıb aləmi üşütdüyü payız havasını sənətlə “rəngləmək” bir başqa ecazdır. Bu duyğu ötən həftədə paytaxtın əksər teatr binalarında yaşandı. YARAT Müasir İncəsənət Məkanı 6-11 noyabr tarixində 2-ci M.A.P. (musiqi, sənət, performans) Beynəlxalq Teatr Festivalını təqdim etdi.

“Sərhədsiz teatr” konsepsiyasını təqdim edən festival proqramından dörd kukla (müxtəlif yaş qrupları və kukla texnikalarında) tamaşasını izləmək imkanımız oldu. A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş olunan “Kaştanka”, “Çirkin ördək balası”, “Heç kimin torpağı” və “Klounların evləri” tamaşaları maraqlı və baxımlı idi.

 

“Kaştanka”nın dərsi

 

Festivalda Rusiyanın “Brodyaçaya sobaçka” Kukla Teatrının iki səhnə işinə tamaşa etdik.

Məlumat üçün qeyd edək ki, 25 ildir fəaliyyət göstərən bu teatrın repertuarında həm xalq nağılları, həm də uşaq ədəbiyyatı klassiklərinin əsərləri yer alır. Yığcam məkanda, sanki bir evin küncündə səhnə yaratmağın mümkünlüyünü nümayiş etdirən teatrın təqdimatında ilk olaraq A.P.Çexovun eyniadlı əsəri əsasında birhissəli “Kaştanka” tamaşasını (quruluşçu rejissor Alfiya Abdulina) izlədik.

Dülgər Luka Aleksandroviçi emalatxanasında sevincli və qayğısız ömrünü yaşayan, taxta yonqarlarda yatıb rəngli yuxular görən itin səadəti bir gün gəzinti zamanı itməsi və “kədərli” kloun Mister Jorjun əlinə keçməsi ilə bitir. Bununla da Kaştankanın əzablı günləri başlayır.

Tanımadığı yeni sahibinin digər heyvanlarının əhatəsində yaşamaq ağırdır. Əhliləşdirilmiş  sirk heyvanları qaz, pişik və donuz sahibini nə qədər xoşbəxt edirsə, təcrübəsiz, heç bir nömrəni mənimsəməyən Kaştanka bir o qədər məyus edir. Amma bu uzun sürmür və təhlükəli sirk nömrələri sayəsində bir-bir ölümcül xəsarətlər alıb sıradan çıxan heyvanları bu dəfə Kaştanka əvəz edir. Sahibinin sevimlisinə çevrilən bacarıqlı it sirk tamaşalarının birində köhnə sahibinə qovuşur və beləliklə, işıqlı səhnəni, alqışları, rəngli geyimini taxta yığını emalatxanaya qurban verir.

Rejissor adi hekayədə tamaşaçıya itirmək hissinin hər bir canlıya nə qədər sirayət etdiyini ustalıqla göstərir. Müxtəlif kukla texnikaları, audiovizual və videogörüntü imkanlarından yararlanaraq tamaşaçını hadisənin mahiyyətinə, əsas ideyaya – vəfa hissinə kökləyir.

 

Etirazın yükü

 

“Brodyaçaya sobaçka” teatrının təqdimatında ikinci tamaşa da məşhur ədəbi nümunə –  H.X.Andersenin “Çirkin ördək balası” nağılı əsasında hazırlanmışdı. Taxtadan hazırlanmış kiçikölçülü kuklalar, yığcam məkan və ən sadə dekorasiyaların fonunda müxtəlifölçülü işıqların qərq etdiyi səhnə. Səhnədə ənənəvi şirma arxasından oyun yox, canlı planda aktyor müşayiətində kukla nümayişini gördük.

Tamaşa danimarkalı klassikin məşhur nağılının adaptasiyası, hamı kimi doğulmayan, fərqli ördək balasının hekayəsidir. Təhlilçilərin təbirincə desək, kimsə bu tamaşanı ksenofobiya haqqında ibrətamiz hekayə kimi də anlaya bilər. Amma uşaqlar üçün bu tamaşa balaca çirkin ördək balasının möcüzəli şəkildə gözəl ağ qu quşuna çevrilməsi haqqındadır. Tamaşanın özəl xüsusiyyəti ondan ibarətdir ki, burada mətn yoxdur, yəni heyvanları, quşları dilləndirən aktyorlar elə özləri də “quş dili”ndə danışırlar. Bu məqamda onu vurğulayım ki, aktyorların kukla oynatması mükəmməl idi. 10-dan artıq kuklanı kiçikölçülü masanın üzərində hərəkətə gətirən üç aktyorun hər bir hərəkət manerasına uyğun səsi, daha doğrusu, “quş” dillənməsi alqışlanmalıdır. Təbii ki, kukla teatrı aktyorunun səslə işləməsi vacib amildir. Çünki burada əsas oyunlar heyvan personajlar üzərində qurulur. Amma bu tamaşanın sözsüz olduğunu nəzərə alsaq, üç aktyorun on fərqli səslə təqdim etdiyi səhnə nümunəsi, həqiqətən, maraqlı idi.

 

Sahibsiz torpaq olsaydım...

 

Festival çərçivəsində Yunanıstanın Merlin Kukla Teatrının yaradıcı heyətinin təqdimatında  “Heç kimin torpağı” adlı tamaşa da nümayiş olundu.

Məlumat üçün deyək ki, Merlin Kukla Teatrının əsası 1995-ci ildə Dimitris Stamu və Demi Papada tərəfindən qoyulub. Hazırda Almaniyada yaşayan bu ailə duetinin tamaşaları müxtəlif kukla texnikalarının kombinasiyasını, o cümlədən marionet, stolüstü kuklalar, optik effektlər və kölgə teatrını əhatə edir.

Bu hekayə daim bir yerə bağlı və öz taleyini hər hansı şəkildə dəyişmək şansından məhrum olan tənha varlığın – müqəvvanın gözləri ilə bəhs olunur. Amma bu vəziyyətdə belə baş qəhrəmanın seçimi olur və o, bu dünyanı daha yaxşı etməyə qərar verir. Səhnə işi sözsüz, yalnız vizual vasitələr və optik üsulların köməyi ilə bəhs edilən azadlıq haqqında mədhiyyədir.

Rejissor Dimitris Stamunun səhnə işi ideyanın fonundakı dramatizm, bir anda hər şeyə nail olmaq istəyən yeknəsəq insanlığın qəhrəmanın şərhində yenidən özünə çağırış harayı kimi təsirli idi. Kiçik bir sahəni qoruyan müqəvva boz çöldə özünə dünya yaradır:  hər yanı gözəlləşdirmək insanın əlində ikən niyə məhv etsin?” kimi ağır suala gözəl cavab verir. İki kuklaçı müqəvva və onun ətrafındakı köməkçi vasitələrlə o qədər dinamik manevrlər edir ki, istər-istəməz, oyuna qapılmağa məcbur olursan.

 

İşıqları kim söndürdü?

 

Müasir insanın  ünsiyyət, münasibət faciəsini göstərən “Klounların evləri” adlı tamaşa ingilis şairəsi Edit Luiza Situellin şeiri əsasında qurulub. Böyüklər üçün nəzərdə tutulan (15+) bu kukla tamaşasında bir bina, beş mənzil və altı əsas qəhrəman var. Tamaşaçılar sanki zəif tragikomik personajların kiçik, klaustrofobik (qapalı məkan qorxusu) dünyalarında tənhalıq və uydurma mübtəlalar ilə dolu olan miskin həyatlarını seyr edirlər. Marionetkalar və digər “oyuncaq” vasitələrin köməyi ilə Dimitris Stamu və Demi Papada ev-həbsxanaların, şəxsi vərdişlərin və uydurma qaydaların məhkumları olan müasir insanların portretini çəkirlər.

H.NİZAMİQIZI