Aktyor üçün istedad ilkin şərtdir və bunu heç kəs, xüsusən teatr sənətində səriştəli olanlar inkar edə bilməzlər.

Dediklərim öz yerində.

Amma di gəl ki, səmimiyyət, səhnə məlahəti, səhnə cazibədarlığı, səhnə şirinliyi olmayanda istedad da bir az gücsüz görünür və özünün lazımi yaradıcılıq bəhrəsini tam dolğunluqla verə bilmir. Bu fikrimə söykənc üçün səhnədə gördüklərim Hökümə Qurbanova, Əliağa Ağayev, Nəsibə Zeynalova, Yusif Vəliyev, Səyavuş Aslan,  Həsən Turabov, Səməndər Rzayev kimi onlarca sənətkarı misal gətirə bilərəm. Bununla iş bitmir, çünki dediyim Allah vergisi olan keyfiyyətlərin nə tərifə, nə də isbata ehtiyacı yoxdur. Mənim bu kiçik yazıda yaradıcılığının müəyyən məqamlarına çıraq tutmaq istədiyim Xalq artisti Yasin Qarayevi adlarını çəkdiyim sənətkarlarla müqayisə etmək fikrim yoxdur. Əslində səhnə sənətində kimisə kiminləsə müqayisə etməyin tərəfdarı deyiləm, hərənin öz qiymətini özünün “qovrulduğu” “səhnə tavası”na əsasən vermək gərəkdir.

Gənc Tamaşaçılar Teatrının fədailərindən olan Yasin Qarayevin “səhnə tavası”nda ərsəyə gələn sənət nümunələrini 1974-cü ildən üzü bəri izləyirəm. Və onu da deyim ki, bu aktyor ilk rolları olan Qulu (“Tamahkar”, Süleyman Sani Axundov), Aşıq Vəli (“Hacı Qənbər”, Nəcəf bəy Vəzirov)  obrazlarının səhnə ifasından ürəyimə yatıb. Onun səhnə davranışında, yöndaşları ilə ünsiyyətində, janrından asılı olmayaraq, bütün rollarının mayasında məftunedici, heyranlıq doğuran, tamaşaçıya məhrəm olan səmimiyyət işığı var. Mənim aləmimdə Yasinin böyüklü-kiçikli bütün rolları, hətta dramaturji baxımdan zəif işlənmiş obrazları da səhnə canlanmasında sanki səmimiyyət yağışında yuyunaraq durulanıblar.

Yasinin yaradıcılığının mənim qavramamda və qənaətimdə müəyyən estetik səciyyələri var ki, onları qeyd eləməklə, fikrimcə, sevimli aktyorumun yaradıcılığının müəyyən və bəlkə də əsas səciyyələrini oxuculara çatdırmış olaram.

Həyatda bəstəboy olan Yasin səhnədə çox baxımlı, hətta Qıpçaq Məlik (“Dədə Qorqud”, Əbdüləzəl Dəmirçizadə) kimi dramatik rollarda kifayət qədər uca görünə bilir. Uca görünə bilir ona görə ki, daxilən zəngindir, obraz üçün tapdığı ifadə vasitələri tipik-xarakterikdir, danışığı aydın və lətafətlidir. Mənalı və məntiqli düşünür, düşündüklərini sənət dili ilə canlı və ürəyəyatımlı tərzdə göstərməyi, canlandırmağı bacarır.

Aydın tələffüzü var və şirəli səhnə danışığına malikdir, səs tembri şirin və ifadəlidir, tamaşaçı salonunun bütün guşələrində apaydın eşidilir. Aktyorun roldan-rola cilalayıb formalaşdırdığı bu keyfiyyət onun səhnə obrazlarına dinamik çeviklik verir, canlı və ifadəli reallıq ruhu aşılayır. Buna görə də çılğın təbiətli Elşad (“Şəhərli oğlan”, Qeybulla Rəsulov), təzadlı daxili təbəddülatlar keçirən Qulu (“Qızaran üfüqlər”, Kamal Aslan), nağıl-dastan estetikasında işlənmiş Azər (“Mahmud və Məryəm”, Elçin), Şah (“Sirli dəyirman”, Firuz Məmmədov) obrazları səhnədə tamaşaçılara daha canlı və təravətli təsir bağışlayırlar.

Yasin Qarayev yaxşı, ürəyəyatımlı saz çalmağı da bacarır. Onun musiqi istedadı təkcə bununla kifayətlənmir, Gəncəbasar (özü Şəmkirdə doğulub) aşıq məktəbi üslubunda məlahətli səslə, yapışıqlı ahənglə, həzin məlahətlə oxuya bilir. Ona görə də Nəroğlan (“Qız atası”, Əfqan), Aşıq Vəli kimi obrazlar aktyorun ifasında daha canlı, daha dadlı-duzlu və bədii-estetik cəhətdən daha bitkin təsir bağışlayır. Aktyor musiqinin ahənginə xas olan plastikanı həssaslıqla mənimsəyir və onu heyrətamiz şəkildə obrazın xarakterinə uyğun tərzdə öz hərəkətlərində reallaşdırır.

İstedadı əsasən komik aktyor istiqamətində cilalanıb. O, Qafar (“Çimnaz xanım yuxudadır”, Süleyman Rüstəm), Qarakişi (“Gəl, qohum olaq”, İsi Məlikzadə), Əsəd (“Danabaş kəndinin məktəbi”, Cəlil Məmmədquluzadə), Baləmi (“Sarıköynəklə Valehin nağılı”, İlyas Əfəndiyev) səpkili tipik personajların ifasında sarkazmdan, hiperboladan, satiradan, çoxqatlı ironik yumordan məharətlə istifadə edir. Bununla belə, realist-psixoloji və hətta fəci səciyyəli (məsələn, İftixarın “Dan ulduzu söküləndə” əsərində Dul Alı obrazı) dramatik psixoloji personajı monumental romantizmlə və fəlsəfi çalarla oynamaqda kifayət qədər səriştəlidir. Eyni zamanda İsgəndər Coşqunun “Komsomol poeması”nda (Səməd Vurğunun eyniadlı əsəri əsasında) Cəlalı emosional lirizmlə, həzin psixologizm aşılanmış dramatizmlə təqdim edib.

Çağdaşlarımızın obrazını xüsusi koloritlə, qaynar ehtirasla canlandırmaqda Yasinin zəngin təcrübəsi var. Məsələn, Əhməd Orucəlinin “Nənənin kələyi” komediyasındakı Əmi, İsi Məlikzadənin “Sağlıq olsun” dramındakı Əziz, İsgəndər Coşqunun “Ana laylası”ndakı Musa, Xalidə Hasilovanın “Bir sahilin adamları”ndakı Ramiz obrazlarının ifasında bunun bariz ifadəsini görürük. Belə rolların ifasında aktyor səhnədəki hadisələri, digər personajların hərəkət dinamikasını həssaslıqla izləyib özünün psixoloji süzgəcindən keçirir və bununla da rolun dramaturji mahiyyətinə bir az da aydınlıq, bütövlük gətirmiş olur. 

Yasin ruhən tipik-xarakterik obrazların ifasına meyillidir. Güclü həyat müşahidəsi bu işdə onun yaradıcılıq cəhdinə yardımçı olur, əsaslı psixoloji təkan verir. Bu yaradıcılıq prosesində aktyor tipik xarakterlərin təbiiliyini, canlılığını, koloritini gücləndirmək üçün qaynar oyun üslubuna və isti, yumşaq, tez nəzərə çarpan ifadə vasitələrinə üstünlük verir. Mənfi xüsusiyyətləri çox olan səhnə obrazlarında da müəyyən cazibə var, çünki aktyor bədii surəti mürəkkəb insan kimi oynamaqla onun xarakterində nəzərə çarpan müsbət cəhətləri ustalıqla qabardaraq bədiilik donuna bürüyə bilir.

Səhnədə cəld və çevik, dinamik və cazibəlidir. Dediklərimə misal kimi Vəzir (“Əlincə qalası”, Dilsuz), Kürən (“Yaddaş ağrısı”, Hüseynbala Mirələmov), Mister Bambi (“Oliver Tvistin macəraları”, Çarlz Dikkens) rollarını xatırlamaq kifayətdir. Bu keyfiyyətlərə dərindən aşina olduğuna görə də Yasin hətta çox mürəkkəb janrlı tamaşalarda da dalğavarı, ziqzaqlı, dəyişən ritm ahənginin qaynarlığında sərbəst davranır. Ən əsası isə odur ki, aktyor öz hərəkətinin cəldliyini, çevikliyinin dinamik ritmini obrazın psixoloji daxili ritmi ilə uzlaşdırıb vəhdətdə təqdim edir və bu yaradıcılıq vərdişini uzun illərin təcrübəsi ilə dolğunlaşdırıb.

Hərəkətlər kompleksində xalq oyun-tamaşalarının estetik prinsiplərinə əsaslanır. Buna görə də Yasin obrazın sözü olmayan məqamlarda hərəkət monoloqunda və yöndaşı ilə hərəkət dialoqunda personajın xarakterinə uyğun gələn tipik-estetik səciyyələr verir. Bu yaradıcılıq prosesində səhnə sərbəstliyi və təqdim olunan epizoddakı vəziyyətin psixoloji mahiyyətini dəqiqliklə duyub qavraması ona yardımçı olur. Nəticədə aktyorun obraz üçün müəyyənləşdirdiyi ali məqsədin mahiyyətini daha da pardaxlayıb dəqiqləşdirir.

Milli karnaval estetikasına, meydan teatrı poetikasına bələdliyi güclü olduğundan partlayan və sirayətedici gülüşü məharətlə öz oyununun bədii əsasına, psixoloji məzmununa çevirir.

Mən Yasin Qarayevin yaradıcılığını, gördüyüm bütün rollarını uzun-uzadı, genişliyi ilə təhlil edə bilərəm. Çünki onun ifasından təkcə ləzzət almıram, bu sevimli aktyorumu, səmimi dostumu həm səhnədə, həm də həyatda duyuram, dərk edirəm, sənətə bağlılığına, emosional həssaslığına heyran qalıram. Bu heyranlığı, onun yaradıcılığına məftunluğumu qələmə almaq üçün kiçik məqalə kifayət deyil. Elə buna görə də oxuculara təqdim etdiyim kiçik yazıda sənətkarın yaradıcılıq estetikasının müəyyən incəliklərini göstərməklə kifayətlənirəm. Bu il Yasini ad günü münasibətilə təbrik etməmişəm, macalım olmayıb. Qoy elə bu yazım onun doğum gününə gecikən dost təbrikim olsun.

Yuxarıda yazdım ki, Yasin Qarayevdə güclü müşahidə qabiliyyəti var və üstəlik onu da xatırlatmaq istəyirəm ki, aktyor peşəkar səhnəyə 28 yaşında çıxıb. Başqa sözlə, Gənc Tamaşaçılar Teatrının truppasına həmin yaşda götürülüb. Çünki həyat yolu hamar olmayıb və uşaqlıqdan müəyyən çətinliklərlə üzləşib. Şəmkirin Dəllər-Cırdaxan kəndində doğulub və ibtidai məktəbi burada oxuyub, yeddilliyi isə Qapanlı kəndində bitirib. Daşkəsən şəhər Texniki-peşə məktəbində oxuyub və orta təhsilini doğulduğu kənddə tamamlayıb. Mirzə Fətəli Axundzadə adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun İngilis dili fakültəsinə daxil olan Yasin Qarayev 1967-ci ildə köçürmə yolu ilə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə qəbul edilib. Hərbi xidmətdən qayıtdıqdan sonra teatra işə götürülüb.

Deməyim odur ki, səhnəyə çıxanda müəyyən həyat təcrübəsi vardı və həyatın şirinindən çox acısını dadmışdı. Amma di gəl ki, ruhən həmişə həyatsevərdi, darmacalda da şuxluğunu, səmimiyyət ovqatını itirmir. Dediyim şuxluğa görə də səhnə Yasin üçün darıxdığı kimi, dostları da onu tez-tez görmək üçün can atırlar. Yasin Qarayev olan məclisdə gülüş var, ruhi təmizlik var, səmimiyyət var, həyat eşqi var.

Dünya miqyasında qəbul olunmuş belə bir deyim var: aktyor dünyasını dəyişənə kimi səhnədə olmalıdır. Əlbəttə ki, söhbət istedadlı peşəkardan gedir. Yasin Qarayevin istedadı da güclüdür, peşəkarlığı da yüksək səviyyədədir. Teatra şan-şöhrət gətirən təcrübəli və yaşlı sənətkarlara həmişə ehtiram bəslənilməlidir.

O cümlədən Gənc Tamaşaçılar Teatrında da... 

Səhnənin istedadı tükənməyən qocaman aktyorların səmimiyyət və sadəlik işığına böyük ehtiyacı var.

O cümlədən də Yasin Qarayevin işığına...

İlham RƏHİMLİ