72 film beynəlxalq, 28 ekran əsəri isə yerli müsabiqədə yarışacaq

Noyabrın 14-dən 17-dək Nizami Kino Mərkəzində IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək. Festivala bu il 45 ölkədən 490 film göndərilib. Seçim komissiyasının qərarına əsasən, festivalın əsas müsabiqə bölmələrində 30 ölkədən 100 qısametrajlı film yarışacaq.

Bu barədə noyabrın 12-də Nizami Kino Mərkəzində keçirilən mətbuat konfransında məlumat verildi. Bildirildi ki, tədbir Mədəniyyət, Gənclər və İdman nazirlikləri, “SİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq. Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi və “CinemaPlus” kinoteatrlar şəbəkəsi festivala təşkilati dəstək verir.

Festivalın direktoru Fehruz Şamıyev diqqətə çatdırdı ki, müsabiqə üçün 35 yaşadək olan rejissorların filmləri qəbul edilib. Filmlərin xronometrajı maksimum 35 dəqiqə olmalıdır. Kinoforumun proqramına beynəlxalq, yerli, “Cinemobil” müsabiqə bölmələri, habelə pitçinq (kino layihələrinə sərmayə tapmaq məqsədilə təqdimatlar), ustad dərsləri daxildir.

Festivalın beynəlxalq münsiflər heyətində Ayaz Salayev və Zəhra Bədəlbəyli (Azərbaycan), Gülbara Tolomuşova (Qırğızıstan), Kambuzia Partovi (İran) və Tobias Büxner (Almaniya) yer alacaqlar.

Yerli müsabiqədə “Qızıl nar” mükafatı uğrunda mübarizə aparacaq filmləri üç yerli mütəxəssis – Mirbala Səlimli, Cavid Təvəkkül və İlqar Fəhminin daxil olduğu heyət seçəcək.

Festivalın proqramına daxil olan ən böyük tədbirlərdən biri isə dünya şöhrətli iranlı kinorejissor Cəfər Pənahinin Kann, Berlin, Venesiya, Lokarno kimi nüfuzlu film festivallarında iştirak etmiş, mükafatlar qazanmış “Üç üz” filminin Azərbaycan premyerası olacaq.

Bildirildi ki, festival günləri ekran əsərləri Nizami Kino Mərkəzi, “CinemaPlus” kinoteatrlar şəbəkəsində saat 12-dən 16-dək nümayiş etdiriləcək. Filmlər Azərbaycan dilində subtitrlərlə göstəriləcək.

Mətbuat konfransında çıxış edən Əməkdar incəsənət xadimi Ayaz Salayev, kinorejissor Mirbala Səlimov, Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə festivalın əhəmiyyətindən danışdılar. Bildirildi ki, festivalın müsabiqə proqramlarına daxil edilən 100 ekran əsərindən 72-si beynəlxalq, 28 film isə yerli müsabiqədə mübarizəyə qoşulur.

Qaliblər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı eksperimental film” nominasiyaları ilə yanaşı “Ən yaxşı bədii film rejissoru”, “Ən yaxşı sənədli film rejissoru”, “Ən yaxşı animasiya film rejissoru”, “Ən yaxşı eksperimental film rejissoru” nominasiyaları üzrə seçiləcək.

FARİZ