Noyabrın 13-də Milli Məclisin plenar iclasında 2019-cu ilin dövlət büdcəsinin müzakirəsi başlanıb. Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov iclasda iştirak edib.

Üç gün davam edəcək iclasın gündəliyinə 11 məsələ daxildir. İclasda “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinə baxılacaq.

İclasda çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, büdcə zərfi sənədləri ölkə həyatında müşahidə olunan müsbət dinamik dəyişiklikləri dolğun əks etdirir. 2019-cu ilin dövlət büdcəsi layihəsinin ən mühüm cəhətlərindən biri vəsaitlərin məqsədli proqramlar əsasında xərclənməsidir. Büdcə xərclərinin 42 faizi, yəni 10 milyard manatdan çoxu bu proqramlar sayəsində xərclənəcək. Bu isə 2018-ci illə müqayisədə 2 milyard 77 milyon manat artıqdır. Parlamentin sədri diqqətə çatdırıb ki, 2018-ci ilin 9 ayında bütün makroiqtisadi göstəricilər üzrə artım müşahidə edilib. Bu dövr ərzində valyuta ehtiyatlarımız 3 milyard dollar artaraq 45 milyard dollara çatıb.

Vurğulanıb ki, 2019-cu ilin dövlət büdcəsinin xərclərinin 32 faizini sosialyönümlü xərclər təşkil edir. Büdcə sənədlərində görünür ki, iqtisadi artım 2019-cu ildə də davam edəcək. Belə ki, əsas iqtisadi göstərici olan ümumi daxili məhsulun gələnilki artımı 3,6 faiz səviyyəsində proqnozlaşdırılır. İqtisadiyyata investisiya qoyuluşunun cari ilə nisbətdə 2,2 faiz çox olması da iqtisadiyyatımızın inkişafından xəbər verir.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, əmək bazarını sağlamlaşdırmaq, qeyri-rəsmi məşğulluğun səviyyəsini əhəmiyyətli dərəcədə azaltmaq və əmək haqlarını leqallaşdırmaq məqsədilə neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektorda 7 il müddətinə güzəştlər nəzərdə tutulub.

Maliyyə naziri Samir Şərifov qeyd edib ki, növbəti ilin icmal və dövlət büdcələri yeni büdcə qaydasına uyğun olaraq hazırlanıb. O deyib ki, növbəti ildə qeyri-neft sektorunun inkişafı və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq edilən vergi güzəştinin daha beş il müddətinə uzadılması nəzərdə tutulur.

İqtisadiyyat naziri Şahin Mustafayev diqqətə çatdırıb ki, ortamüddətli dövr üçün ölkənin iqtisadi proqnozları hazırlanarkən kompleks iqtisadi islahatların davam etdirilməsi, bank sektorunun inkişafı, makroiqtisadi sabitliyə təsir edən xarici iqtisadi şokların yaşanmaması şərtləri əsas götürülüb.

Büdcə layihəsinə Hesablama Palatası da rəy verib. Palatanın sədri Vüqar Gülməmmədov layihənin büdcə sistemi haqqında qanunvericiliyə uyğun hazırlandığını deyib.

Müzakirələr zamanı çıxış edən deputatlar xeyli təkmil olan 2019-cu ilin dövlət büdcəsi layihəsinin qanunvericiliyə uyğun hazırlandığını bildiriblər. Qeyd edilib ki, 2019-cu ildə də dövlət büdcəsinin sosialyönümlülüyünün davam etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi ölkənin əsas maliyyə sənədinin müsbət cəhətlərindəndir. Deputatlar çıxışlarında bəzi təkliflər də səsləndiriblər.