“İnanıram ki, Azərbaycan kinosu bütün çətin dövrlərini arxada qoyub və müasir zamana uyğun olaraq yeni sənət zirvələrini fəth etməyə özündə güc tapacaq”
   
   Sentyabrın 30-da Nizami Kino Mərkəzində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Yubileyin rəsmi hissəsi başlamazdan əvvəl Nizami Kino Mərkəzinin qarşısında tamaşaçıları kinomuzun ötən illərinə aparan şou nümayiş etdirildi. Aktyorlar hərbi orkestrin ifa etdiyi XX əsr musiqilərinin sədaları altında kinostudiyanın ilk illərində istehsal edilmiş filmlərdən səhnələr təqdim etdilər. Gözlər önündə Bakının keçmiş ab-havası canlandı.
   
   Kinomuzun libası
   
   Sonra Azərbaycan kinosunun fəxri sayılan sənətkarlar - aktyor, rejissor, operator, ssenarist, rəssam və bəstəkarlar, eləcə də uzun illər kinostudiyada çalışan, kadr arxasında qalsalar da, ekran əsərlərinin ərsəyə gəlməsində böyük xidmətləri olan kino işçiləri qırmızı xalının üzərindən keçərək Nizami Kino Mərkəzinə daxil oldular. Mərkəzin foyesində də tədbir iştirakçılarını sürprizlər gözləyirdi. Burada yaddaqalan filmlərimizdə vaxtilə istifadə olunmuş geyimlər və rekvizit nümunələri, kino sənətimizin inkişafını əks etdirən sərgi təşkil edilmişdi. Xalq artisti Rasim Balayev foyeyə daxil olarkən “Babək” filmində (1979) istifadə etdiyi geyimi görüncə nostalji dolu bu sözləri söylədi: “Bu mənim geyimimdir, gör, bir illər nə tez keçib gedir”.
   Bu arada Nizami Kino Mərkəzində “Mahmud və Məryəm” filminin nümayişindən çıxan gənclər də sərgiyə böyük maraqla baxırdılar. Bir vaxtlar bu geyimlərdə məşhur kino qəhrəmanlarımızı seyr etmişik.
   Foyedə təşkil edilmiş sərgi ilə tanışlıqdan sonra qonaqlar Əməkdar artist Rauf Babayevin rəhbərlik etdiyi “Qaya” ansamblının çıxışlarını dinlədilər. Burada da bütün kino işçilərinin çöhrələrindən xoş bayram ab-havası və əsl yubiley əhval-ruhiyyəsi hiss olunurdu.
   
   Dövlətin dəstəyi kino sənətinə yeni nəfəs verdi
   
   Yubiley mərasimi kinomuzun inkişaf tarixindən bəhs edən videokadrların nümayişi ilə başlandı. Təbrik üçün səhnəyə ilk olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxdı. O, kino işçilərini təbrik edərək bildirdi ki, ölkə Prezidenti İlham Əliyevin 2013-cü il 6 avqust tarixli sərəncamına əsasən “Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyinin qeyd olunması dövlətimizin kino sənətinə, ümumilikdə mədəniyyətə diqqət və qayğısının göstəricisidir.

   Kinostudiyanın tarixinə qısa nəzər salan nazir milli kino sənətimizin dünya kinosunun inkişaf prosesi ilə uzlaşaraq bütün mərhələləri keçdiyini vurğuladı. Bildirdi ki, 1923-cü ildə kinostudiya yaranmış və səssiz filmlər çəkilmiş, 1936-cı ildə ilk səsli, 1950-ci illərin əvvəllərində isə rəngli filmlər istehsal edilmişdir. 1980-ci illərədək kinostudiya öz qaynar həyatını yaşamışdır. Bu dövrdə kinostudiya yeni-yeni bədii filmlər istehsal edirdi və kinematoqrafın bütün janrlarını əhatə edən ekran əsərləri sevilərək bu gün də izlənilir. Filmlərin mövzuları da müxtəlif idi.
   Nazir qeyd etdi ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda kino istehsalı böhran dövrünü yaşamışdır. Lakin ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra, bütün sahələrdə olduğu kimi, bu sahəyə də böyük diqqət göstərildi, film çəkilişləri bərpa edildi.
   Son on ildə dövlət tərəfindən kino istehsalına böyük dəstək göstərilib. Dövlət başçısının 2008-ci il 4 avqust tarixli sərəncamı ilə “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” təsdiq edilib: “Bu qayğı və dəstəyin nəticəsi olaraq filmlərimizin bir çoxu beynəlxalq kinofestivallarda uğurla nümayiş etdirilir, müxtəlif mükafatlara layiq görülür. Sevindirici haldır ki, kino istehsalına yaşlı nəsillə yanaşı, gənc nəsil də qoşulmuşdur. İnanıram ki, Azərbaycan kinosu özünün bütün çətin dövrlərini arxada qoyub və müasir zamana uyğun olaraq yeni sənət zirvələrini fəth etməyə özündə güc tapacaq. Necə ki, Azərbaycan dövləti dünya miqyasında öz sözünü yüksək kürsülərdən deyə bilir, eləcə də kinomuz dünya arenasında öz sözünü deyəcəkdir. Vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən kinoya göstərilən qayğı və diqqət bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir və bunun da nəticəsi özünü sübuta yetirməlidir”.
   
   “Azərbaycanfilm” Qafqazın ən böyük kino şəhərciyinə çevriləcək
   
   Daha sonra nazir ölkəmizdə kino sahəsində görülən yeniliklər barədə danışaraq Nizami Kino Mərkəzinin açılışı, Dövlət Film Fondunun yeni binasının istifadəyə verilməsi, kino sahəsində özəl sektora imkanlar yaradılması, özəl kinoteatr binalarının fəaliyyəti barədə danışdı. Həmçinin qeyd etdi ki, bu ilin sonuna kimi xarici şirkətlərin təcrübəsi əsasında “Azərbaycanfilm” kinostudiyasının yenilənməsi layihəsi hazır olacaq. Layihə əsasında yenidən qurulduqdan sonra kinostudiya Qafqazın ən böyük kino şəhərciyinə çevriləcək. 

  Kinostudiyanın beynəlxalq əlaqələrindən danışan nazir yubiley tədbirində iştirak etmək üçün ölkəmizə gəlmiş qonaqlara təşəkkürünü bildirdi. Nazir çıxışını bu fikirlərlə yekunlaşdırdı: “Bir daha kino sahəsində dünən və bu gün çalışan bütün insanları təbrik edirəm. Kino yüzlərlə insanın əməyinin nəticəsində yaranır. Kino tariximizdə əməyi olan hər kəsin zəhməti qarşısında böyük ehtiramımı bildirərək gələcək fəaliyyətinizdə uğurlar diləyirəm”.
   Nazirin çıxışından sonra “Heydər Əliyev və Azərbaycan kinosu” adlı sənədli film nümayiş olundu.
   Daha sonra çıxış edən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov ölkəmizdə kino sənayesinə göstərilən diqqət və qayğıdan danışdılar, kino tariximizə qısa nəzər saldılar. Bildirildi ki, bu gün tanınmış kino xadimlərimiz məhz kino sahəsinin əsas yaradıcılıq məkanı olan kinostudiyadan bəhrələniblər. Şəfiqə Məmmədova Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yubileyə əliboş gəlmədiyini, 20 nəfər kino veteranına pul mükafatları təqdim edəcəklərini bildirdi.
   
   Qonaqların təbrikləri və yubileyə musiqi payı
   
   Ukrayna Kinematoqrafçılar İttifaqının sədri Sergey Trimbaç, Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeri Ruzin, Riqa kinostudiyası idarə heyətinin sədri Vents Horsts, Çexiyanın “Barrandov” kinostudiyasının direktoru Petr Tiçı, “Özbəkfilm” kinostudiyasının direktoru Fayziraxmon Usmanov və digər qonaqlar çıxış edərək “Azəbaycanfilm”in 90 illik yubileyi münasibətilə ürək sözlərini söylədilər.
   Tədbirdə Azərbaycan kinosunun inkişaf tarixindən bəhs edən kadrlar, “İlham Əliyev və Azərbaycan kinosu. Gələcəyə baxış” adlı sənədli videorolik nümayiş olundu. Yubiley gecəsi Xalq artisti, dirijor Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Dövlət Kamera Orkestrinin və Azərbaycan incəsənət ustalarının ifasında musiqi proqramı ilə başa çatdı.
   
   Lalə Azəri