Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Qırğızıstanda keçirilən “Aytmatov və teatr” festivalında ölkəmizi təmsil edib. Səfər Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və ölkəmizin Qırğızıstandakı səfirliyinin dəstəyi ilə reallaşıb.

Böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunan festivala Rusiya, Qazaxıstan, Özbəkistan teatrları da qatılıb.

Milli Dram Teatrı festivalda ədibin “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan “Manqurt” tamaşasını təqdim edib.

Səhnə əsərinin bədii rəhbəri Anar Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomantı İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur. Birhissəli epik rəvayət olan tamaşada əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban, Əminə Babayeva, Mehman Fətullayev rol alıb.