Tədbirdə gələn ay Bakıda keçiriləcək turizm filmləri festivalı ilə bağlı təcrübə mübadiləsi aparılacaq

   Oktyabrın 3-də Çex Respublikasının Karlovı Varı şəhərində “Karlovy Vary Tourfilm" beynəlxalq festivalı başlanıb. Oktyabrın 5-dək davam edəcək festivalda Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov və nazirliyin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov iştirak edir.
   
   Tədbirdə iştirakın əsas məqsədi bu il 20-25 noyabr tarixində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ilk dəfə keçiriləcək Bakı Beynəlxalq Turizm Filmləri Festivalı ilə bağlı təcrübə mübadiləsi aparmaq və digər turizm festivallarının nümayəndələri ilə əlaqələrin qurulmasıdır.
   Bakı Beynəlxalq Turizm Filmləri Festivalı turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmləri aşkara çıxarmaq, onların müəlliflərini həvəsləndirmək məqsədilə keçirilir. Festival eyni zamanda tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi qarşıya məqsəd qoyub.
   7 kateqoriyada keçiriləcək festivalda hər kateqoriya üzrə I, II və III yerlərə layiq görülən filmlərə priz və pul mükafatları veriləcək. Ən yaxşı film Qran pri mükafatı ilə təltif olunacaq.
   Qeyd edək ki, festivalın seçim komitəsinə 41 ölkədən 250 film daxil olub. Ekran əsərləri kinematoqrafçılardan, həmçinin səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən seçiləcək.
   Festivalda müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı, seminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri və media təmsilçiləri arasında mübadilələr də həyata keçiriləcək.