Azərbaycan
17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür. 1988-ci il noyabrın 17-də ermənilərin Qarabağa iddialarına və azərbaycanlı əhalinin Ermənistandakı tarixi yurdlarından deportasiyasına etiraz olaraq Bakıda fasiləsiz mitinqlər başlayıb. Dekabrın 4-dək davam edən mitinqlər ölkədə milli dirçəliş hərəkatına təkan verib. 1992-ci ildə 17 noyabr Milli Dirçəliş Günü elan edilib.
17 noyabr 1906 – Dünya şöhrətli xalçaçı alim, dekorativ sənət ustası, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimov (1906 - 9.9.1991) Şuşada anadan olub. Onun təşəbbüsü ilə 1972-ci ildə Bakıda Xalça Muzeyi təşkil edilib.
17 noyabr 1990 – Naxçıvan MSSR Ali Məclisinin yeni seçilmiş tərkibdə ilk iclası keçirilib. Məclisin qocaman deputatı Heydər Əliyevin sədrliyi ilə keçən iclasda tarixi qərarlar qəbul edilib: Ali Məclisdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qaldırılıb, muxtar respublikanın adından “Sovet Sosialist” sözləri çıxarılıb.
17 noyabr 2006 – Xalq artisti Gülşən Ağadadaş qızı Qurbanova (19.12.1950 - 2006) vəfat edib.
18 noyabr 2000 – Bəstəkar, Xalq artisti Emin Sabitoğlu (Mahmudov; 2.11.1937 - 2000) vəfat edib.
19 noyabr 1915 – Bəstəkar, tarzən Hökümə Yusif qızı Nəcəfova (1911-2002) Bakıda anadan olub. “Kaş ki, gözəl olmayaydım”, “Ceyran balası” və s. populyar mahnıların müəllifidir.
19 noyabr 1935 – Dilçi alim, professor Zemfira Nadir qızı Verdiyeva (1935-2010) anadan olub.
Dünya
17 noyabr Beynəlxalq tələbə günüdür. Çex tələbələrin faşizm işğalı əleyhinə çıxışının (28 oktyabr 1938) ildönümü münasibətilə 1946-cı il noyabrın 17-də Praqada keçirilən beynəlxalq tələbə konqresində təsis edilib.
17 noyabr 1895 – Rus filosofu, incəsənət nəzəriyyəçisi Mixail Baxtin (1895-1975) anadan olub.
17 noyabr 1942 – Amerika rejissoru, ssenarist və prodüser Martin Skorseze (Martin Marcantonio Luciano Scorsese) anadan olub. Filmləri: “Taksi sürücüsü”, “Pulların rəngi”, “Qəzəbli öküz”, “Satqınlar” (“Oskar”, 2007) və s.
18 noyabr 1786 – Alman bəstəkarı və musiqişünası Karl Maria fon Veber (Carl Maria von Weber, 1786-1826) anadan olub.
18 noyabr 1787 – Fransız rəssamı, fotoqrafiyanın yaradıcılarından Lui Jak Mande Dager (Louis Daguerre, 1787-1851) anadan olub.
18 noyabr 1927 - Rusiya kinorejissoru, SSRİ Xalq artisti Eldar Aleksandroviç Ryazanov (1927 - 30.11.2015) anadan olub. Filmləri: “Karnaval gecəsi”, “Avtomobildən qorun!”, “Qəribə təsadüf və ya həmişə təmizlikdə”, “İşdə məhəbbət macərası”, “İki nəfər üçün vağzal” və s.
19 noyabr 1528 – İntibah dövrünün italyan rəssamı Paolo Veroneze (Paolo Veronese-Cagliari; 1528-1588) anadan olub.
19 noyabr 1711 – Rus alim, şair, müasir rus ədəbi dilinin banisi Mixail Vasilyeviç Lomonosov (1711-1765) anadan olub.
19 noyabr 1900 – Alman yazıçısı, incəsənət və ədəbiyyat nəzəriyyəçisi Anna Zegers (Anna Seghers - əsl adı Netty Reiling, 1900 - 3.6.1983) anadan olub.
19 noyabr 1903 – Baletmeyster və pedaqoq, SSRİ Xalq artisti Asaf Mixayloviç Messerer (1903-1992) anadan olub.
Hazırladı: Vüqar ORXAN