Xalq artisti Həsən Turabovun 80 illiyi münasibətilə təntənəli mərasim keçirildi

Görkəmli aktyor və rejissor, Xalq artisti, Dövlət mükafatı laureatı Həsən Turabovun anadan olmasından 80 il ötür. Ölkəmizin teatr və kino salnaməsində silinməz izlər qoyan Həsən Turabov səhnədə və ekranda həyat verdiyi obrazlarla sənətsevərlərin qəlbində özünə əbədi yer qazanıb.

Bunu sənət fədaisinin 80 illik yubileyi münasibətilə noyabrın 15-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən təntənəli tədbirdən də aydın hiss etmək olurdu.

Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Həsən Turabovun həyat və fəaliyyətindən bəhs edən fotosərgi ilə tanış oldular.

Yubiley gecəsində mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.

Mərasimdə çıxış edən Vaqif Əliyev yubiley tədbirinin Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən təşkil olunduğunu vurğuladı. Qeyd etdi ki, mərhum sənətkarın 80 illiyi münasibətilə respublikanın mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilir, aktyorun yaradıcılıq yoluna bir daha nəzər salınır. İştirakçısı olduğumuz bu xatirə gecəsi də həmin tədbirlərin davamıdır.

Vaqif Əliyev Həsən Turabovun həyat və yaradıcılığından, onun Azərbaycan teatr və kino sənətinə verdiyi töhfələrdən danışdı. Bildirdi ki, görkəmli aktyorun adı çəkiləndə, ilk növbədə, gözlər önündə onun yüksək sənətkarlıqla yaratdığı obrazlar canlanır. 1938-ci ildə Bakı şəhərində dünyaya göz açan sənətkar orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna (indiki dövlət Mədəniyyət və İncəsənət Universiteti) daxil olub, 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub: “Həsən Turabov sənətdə bəxti gətirən aktyorlardan idi. O, Azərbaycan incəsənətində öz sözünü demiş tanınmış sənətkarların əhatəsində olduğu üçün qısa müddətdə sənətdə püxtələşmişdi. Hələ ikinci kursda təhsil alarkən telestudiyada fəaliyyət göstərən aktyor truppasına işə qəbul edilmiş, bir müddət radio və televiziyada diktorluq etmişdi. Yəni o, səhnə, ekran məharətindən öncə aydın, səlis nitqi ilə tamaşaçı və dinləyicilərin rəğbətini qazanmağa başlamışdı”.

Qeyd olundu ki, 1960-cı ildən ömrünün sonuna qədər Akademik Milli Dram Teatrında fəaliyyət göstərən sənətkarda fitri istedad, xarizma, əzəmətli səs, ən əsası isə, yüksək səhnə mədəniyyəti – aktyor üçün tələb olunan bütün keyfiyyətlər cəmləşmişdi.

 

Rejissorların arzuladığı aktyor

 

Vaqif Əliyev diqqətə çatdırdı ki, Xalq yazıçısı İlyas Əfəndiyevin “Unuda bilmirəm” pyesinin tamaşasında canlandırdığı Kamran obrazı Həsən Turabovun əsl aktyor portretini formalaşdırdı. Onun “Hamlet”, “Ölülər”, “Vaqif”, “Aydın” və digər məşhur səhnə əsərlərində canlandırdığı obrazlar teatr mədəniyyətimizin inkişafına mühüm töhfələrdir: “Usta aktyor həyat verdiyi hər bir qəhrəmanı ilə yüksək sənətkarlıq örnəyi yaratdığından bəzən onun səhnədə görünməsi belə anşlaq üçün kifayət edir, tamaşaçıların sürəkli alqışları ilə mükafatlandırılırdı. Buna görə də görkəmli rejissorlar Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov və başqaları Həsən Turabovla sıx yaradıcılıq ünsiyyəti qurmuşdular. Çünki o, rejissorların arzuladığı aktyorlardan idi”.

 

Ekranların sevilən qəhrəmanı

 

Nazirin birinci müavini Həsən Turabovun kinoda da teatrdakı uğurlarını təkrarlamağa müvəffəq olduğunu vurğuladı: “Sənətkarın kino qəhrəmanları da səhnə obrazları kimi canlı, yaddaqalan və seviləndir. O, ümumilikdə 50-dən çox filmdə müxtəlif xarakterli rolda çəkilib, bu rollar müsbət və mənfiliyindən asılı olmayaraq, yüksək ifa sənətkarlığı sayəsində geniş tamaşaçı rəğbəti qazanıb.

Aktyorun Tofiq Tağızadənin “Yeddi oğul istərəm” filmində yaratdığı Gəray bəy obrazı belə nümunələrdəndir.

Qeyd olundu ki, rejissor kimi də özünü uğurla sınayan Həsən Turabov “Atları yəhərləyin” və “Tənha narın nağılı” filmlərinə quruluş verib.

 

Bacarıqlı təşkilatçı

 

Həsən Turabovun böyük sənətkar, eyni zamanda bacarıqlı təşkilatçı, mədəni irsimizə həssaslıqla yanaşan bir insan olduğunu bildirən Vaqif Əliyev qeyd etdi ki, o, 1987-2001-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri vəzifəsində işlədiyi dövrdə burada neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulmuşdu. Gənc aktyorların sənətdə özünü təsdiq etməsi üçün münbit şərait yaradan sənətkar onlara daim diqqət və qayğı ilə yanaşırdı.

Həsən Turabov 1991-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri olmuşdu. Bu yaradıcı qurumun rəhbəri kimi o, mədəniyyət tariximizdə, teatr sənətimizdə böyük izlər qoymuş sənətkarların irsinin yaşadılmasına xüsusi diqqət ayırırdı. Teatr Xadimləri İttifaqı tərəfindən keçirilən teatr festivalları, müxtəlif tədbirlər, yaradıcılıq gecələri o dövrün mədəni həyatına rəng qatırdı.

 

* * *

 

Nazirin birinci müavini ölkəmizdə mədəniyyət sahəsinə göstərilən dövlət qayğısından da danışdı. Bildirdi ki, Azərbaycan mədəniyyətinin inkişafına töhfə verən sənətkarlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunur, təqaüd və mükafatlara, fəxri adlara, təltiflərə layiq görülürlər. Ölkə başçısının sərəncamı ilə dünyasını dəyişən görkəmli sənət adamlarının adları əbədiləşdirilir, ev-muzeyləri yaradılır, yaradıcılığının öyrənilməsi və təbliğinə diqqət yetirilir. Mədəniyyət salnaməmizi zənginləşdirən incəsənət xadimlərinin respublikamızla yanaşı, müxtəlif ölkələrdə də abidələri ucaldılır, yubiley gecələri təşkil olunur. Azərbaycan incəsənətinə mühüm töhfələr vermiş Həsən Turabov da ulu öndər Heydər Əliyevin mədəniyyətə qayğısının bəhrəsini görən, yüksək dövlət təltifləri ilə mükafatlandırılan sənətkarlarımızdan biridir. O, 1971-ci ildə “Əməkdar artist”, 1982-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 1998-ci ildə, anadan olmasının 60 illiyi münasibətilə Prezident Heydər Əliyevin fərmanına əsasən “Şöhrət” ordeni ilə təltif edilib.

Yubiley gecəsində sənətkarın rol aldığı tamaşalardan səhnələr, çəkildiyi filmlərdən fraqmentlər nümayiş olundu. Mərasimin quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov, rejissor assistentləri Elnur Məmmədov və Tural Mustafayevdir.

Fariz HÜSEYNOV