Azərbaycan Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov imzalayıblar.

Mərasimdə çıxış edən Ə.Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyəti, beynəlxalq əlaqələri barədə danışıb. Bildirib ki, Rusiyadan Azərbaycana, Azərbaycandan isə Rusiyaya jurnalist səfərləri gerçəkləşdirilməkdədir. İki qurum arasında əməkdaşlıq memorandumu bu prosesin daha təkmil formada reallaşdırılmasını təmin edəcək, eyni zamanda faydalı nəticələr verəcək.

V.Solovyov da imzalanan sənədin iki ölkənin media qurumları, eləcə də jurnalistləri arasındakı təmasın daha sistemli şəkildə qurulmasına zəmin yaradacağına əminliyini vurğulayıb. O, həmçinin rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. Bildirib ki, Rusiya Jurnalistlər İttifaqı Avropanın ən böyük jurnalist təşkilatlarındandır, 100 minə yaxın üzvü var. İttifaqda 82 regional təşkilat, 40 yaradıcılıq birliyi, assosiasiyası təmsil olunur.

Əməkdaşlıq memorandumunda jurnalistlərin və KİV nümayəndə heyətlərinin qarşılıqlı səfərlərin təşkili, təcrübə mübadiləsi, birgə layihə və proqramların həyata keçirilməsinə dəstək göstərilməsi, jurnalistikaya dair təlim vasitələrinin hazırlanmasında və nəşrində birgə iştirak, hər iki ölkənin, eləcə də digər maraqlı ölkələrdən olan tərəflərin iştirakı ilə konfranslar, treninqlər, müsabiqə və seminarlar təşkil etmək, qarşılıqlı maraq doğuran məsələlərdə informasiya mübadiləsi aparmaq nəzərdə tutulub.