Akademik Milli Dram Teatrının kollektivi “Cəhənnəm sakinləri” tamaşası ilə Şamaxıya qastrol səfərinə gedib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşa noyabrın 20-də Şamaxı Mədəniyyət Mərkəzində nümayiş etdirilib.
Xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru və rəssamı Xalq artisti Azərpaşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub.
Rolları xalq artistləri Məleykə Əsədova, Nurəddin Mehdixanlı, əməkdar artistlər Elşən Rüstəmov, Mirzə Ağabəyli, aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev, Xədicə Novruzlu oynayırlar.
Tamaşa 1937-ci ilin repressiya hadisələrindən bəhs edir. İnsanlara qarşı həyata keçirilən kütləvi təqib, mənəvi təzyiq ər və arvadı üz-üzə qoyur, onlar böyük qorxunun əsarəti altında satqına çevrilirlər. Günahlarını bir-birindən gizlətməyə çalışsalar da, günlərin birində evlərində peyda olan çağırılmamış qonaq (ər-arvada görə Şeytan) onların əsl mahiyyətini üzə çıxarır...
Qeyd edək ki, “Cəhənnəm sakinləri” Milli Dram Teatrının repertuarında yer alan ən uğurlu tamaşalardan biridir.