Müslüm Maqomayev haqqında sənədli film Rusiya televiziyasında nümayiş etdirilib
Oktyabrın 6-da Rusiyanın “Birinci kanal”ı dünya şöhrətli Azərbaycan müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin 70 illik yubileyinə həsr olunmuş “Müslüm Maqomayev. Qar üzərində ürək” (“Muslim Maqomaev. Serdüe na snequ”) sənədli filmini nümayiş etdirib.
Sənətkarın xanımı Tamara Sinyavskayanın ömür-gün yoldaşı haqqında söhbət açdığı filmdə Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın görkəmli müğənni barədə xatirələri səslənib.
Filmdə Müslüm Maqomayevin Bakı ilə bağlı xatirələri, ümummilli lider Heydər Əliyevlə çəkilmiş fotoşəkilləri, Tamara Sinyavskayanın Bakı səfəri, Müslüm Maqomayevin məzarını ziyarət zamanı lentə alınmış kadrlar, “Nizami” kinofilmindən fraqmentlər yer alıb. Həmçinin görkəmli sənətkarın ifasında Azərbaycanın rəmzi himninə çevrilmiş “Azərbaycan” mahnısı, sənətkarın ömrünün sonlarına yaxın Sergey Yeseninin sözlərinə bəstələdiyi “Əlvida, Bakı” mahnısı səslənib. Filmin ssenari müəllifi Oleq Kolin, rejissoru Mixail Roqovoydur.